“Arsak: tarix və müasirlik” - elmi seminar

“Arsak: tarix və müasirlik” - elmi seminar Beynəlxalq Qarabağ Forumunun təşəbbüsü və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Arsak: tarix və müasirlik” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə çıxış edən kafedra müdiri dosent Naibə Əhmədova müvafiq mövzuda yeni tədqiqatlar aparılmasına ehtiyac olduğunu bildirib. O deyib: “Uzun müddətdir ki, Arsak regionu, onun tarixi, etnik və siyasi mənsubiyyəti, adın etimologiyası ilə bağlı saxtakarlıq edilir, beynəlxalq rəydə Arsak adının və tarixinin guya ermənilərə aid olması ilə bağlı yanlış təsəvvür formalaşdırılmağa cəhd göstərilir. Əslində bu adın və tarixi bölgənin ermənilərə heç bir aidiyyəti yoxdur, Azərbaycana mənsub olduğu isə müasir araşdırmalarda danılmaz faktlarla sübuta yetirilir. “Arsak: tarix və müasirlik” elmi seminarının keçirilməsi bu faktların bir daha gündəmə gətirilməsi, elmi müzakirələrin aparılması, məqalə və digər materialların müxtəlif dillərdə çap olunaraq beynəlxalq birliyə təqdim olunmasına xidmət edir”.
Beynəlxalq Qarabağ Forumunun koordinatoru iqtisadiyyat üzrə fəlsəfə doktoru Şamil Mehdi çıxışında xatırladıb ki, 2021-ci ildə keçirilmiş “Arsak: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın materialları Azərbaycan, ingilis və rus dillərində nəşr olunub. Növbəti konfransın 2023-cü ildə keçirilməsi qərara alınıb.
Seminarda, həmçinin tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, dosent Akif Nağı çıxış ediblər. Çıxışlarda Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrin alimləri ilə birgə aktual mövzuların işlənməsi, elmi saxtakarlıqların ifşası, tarixi həqiqətlərin üzə çıxarılması işinin davamlı aparılmasının vacibliyi vurğulanıb.
Tədbirdə “Qafqazın qədim tarixi ilə bağlı erməni saxtakarlığı”, “Albanların dili və ədəbiyyatı”, “Albaniyanın siyasi tarixinin əsas problemləri”, “Alban Ərsaklar sülaləsinin mənşəyi və Qarabağın qədim əhalisi” mövzularında məruzələr dinlənilib.

Tehsil-press.az



Oxşar xəbərlər