Akademik çevrilişlər

Akademik çevrilişlər AMEA-nın iki keçmiş prezidenti üçün yol təkcə elmdən yox, müxalifətlə sövdələşmə və həbslərdən keçib - Eldar Salayevlə Ramiz Mehdiyevi birləşdirən tale...
Arxi-aktual fikirdir ki, sən siyasətlə məşğul olmasan, siyasət sənlə məşğul olacaq. Buna görə tarixdə siyasətlə məşğul olan elm və ədəbiyyat adamları, ziyalılar az olmayıb. Amma heç də onların hamısı yolu sona qədər getməyi bacarmayıblar, yaxud da ziyalı adına layiq olmayan yol seçiblər.

Çünki siyasət haqda iki mübahisəli fikir var: biri səhv etmirəmsə, rəhmətlik eks-prezident Elçibəyin sözüdür - siyasətlə əxlaqlı adamlar məşğul olmalıdır. İkincisi isə fransız yazıçısı Alber Kamyuya aiddir - ləyaqət sahibləri siyasətlə məşğul olmaz.

20 rəqəminin sirri

Təbii ki, hər iki subyektiv yanaşmanı uzun-uzadı çək-çevir edib mübahisə predmeti etmək olar. Lakin yuxarıda dediyimiz kimi, tarixdə siyasətlə məşğul olan elm adamları, ziyalılar az olmayıb.

Biri elə fransız dahisi Jan Pol Sartr. Nobel mükafatından imtina etməyi bacaran böyük mütəfəkkir. Sabonna Universitetində tələbə hərəkatının lideri. Bizdə də böyük elm adamları olub - Xudu Məmmədov, Azad Mirzəcanzadə və s.

Ancaq bizdə Sartr heç vaxt olmayıb. Bizdə olub Rüstəm İbrahimbəyov. Bəli, dünya şöhrətli azərbaycanlı idi. Gəl ki, ona inanan bir ovuc müxalifətçini belə aldadıb Bakıya gəlmədi.

Lakin Azərbaycanın elm adamları sırasında son 20 ildə (2005-2025) iki akademik var ki, tarixə çevrilişçi kimi düşüblər. Birinə 2005, birinə düz 20 il sonra - 2025-ci ildə həbs cəzası verilib. Və maraqlıdır ki, hər ikisi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olub, hər ikisi də müxalifətlə sövdələşmədə ittiham olunub. Söhbət fizika-riyaziyyat elmləri doktoru, mərhum akademik Eldar Salayev və fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyevdən gedir.

Sadəcə, Salayevdən fərqli olaraq, Mehdiyevin maddələri daha ağırdır. Mərhum akademik dövlət çevrilişinə cəhddə və kütləvi iğtişaşlar törətməkdə iştirakda ittiham olunubsa, Mehdiyev dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilir.

Odur ki, “Yeni Müsavat” gündəmin mərkəzi hadisələrindən olan dövlət çevrilişi işi mövzusundan çıxış edərək hər iki akademikin həyat və siyasət yoluna işıq salıb. Gəlin görək, “akademik çevriliş”lər niyyətində olmuş Salayev və Mehdiyev kimdir...

Siyasətdə bərk cisim fizikası

Eldar Salayev 1933-cü il dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib. 1970-1973-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini işləyib. 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti seçilib. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvü olub. Salayev bərk cisim fizikası kvant elektronikası və fotoelektronika sahəsində görkəmli alimdir.

Əsas işləri yarımkeçiricilərin tədqiqinə müxtəlif halların enerji spekterlərinin öyrənilməsinə aiddir. Salayev sürətli elektronlar dəstəsi vasitəsilə ilk dəfə laylı kristallarda induksiyalanmış şüalanmanı aşkara çıxarmış və bu sinif yarımkeçiricilərdə qeyri-xətti optik xassələri öyrənib. Həmin tədqiqatlar lazer şüaları çevricilərinin yaranmasına imkan verib. Salayevin rəhbərliyi ilə yarımkeçiricilər əsasında deflektor, deşifrator, fotoqəbuledicilər, elektron mikrosoyuducuları, metroloji tətdqiqatlar üçün qurğular yaradılıb. Lakin bərk cisim fizikası üzrə alim bildiklərini siyasətdə tətbiq edə bilməyib və siyasətin “cazibə qanunu” uğurlu olmayıb.

Belə ki, o, Azərbaycan Milli İstiqlal Partiyasının və ardınca Azərbaycan Demokratik İstiqlal Partiyasının üzvü olub. Eldar Salayev bir müddət Azərbaycan Demokrat Partiyasının da üzvü olub və “demokratiya” sözü onun üçün düşərli olmayıb. Akademik 2005-ci il oktyabrın 29-da dövlət çevrilişinə cəhddə və kütləvi iğtişaşlar törətməkdə iştirakda ittiham edilərək həbs olunub. Salayev o dövrdə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılıb. Salayev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O,Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham edilib.

Kütləvi iğtişaşın törədilməsinə hazırlıq, antikonstitusion yolla dövlət hakimiyyətini ələ keçirmə və saxlamada təqsirləndirilən Eldar Salayev noyabrın 27-də MTN-ə şahid qismində dəvət olunub və oradaca saxlanılıb. ADP sədri Sərdar Cəlaloğlu o zaman demişdi ki, Eldar Salayevi keçmiş spiker Rəsul Quliyevlə dost olduğuna görə həbs ediblər.

Elə həmin il baş prokuror Zakir Qaralov AZƏRTAC-ın müxbirinə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edən Eldar Salayev Azərbaycan elminin inkişafındakı xidmətlərini, 4 dəfə ağır cərrahiyyə əməliyyatı keçirdiyinə görə daimi həkim nəzarətində olmasının zəruriliyini, habelə istintaqa yaxından kömək göstərməklə səmimi ifadələr verdiyini nəzərə alaraq, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Məhkəmənin 2005-ci il 16 noyabr tarixli qərarı ilə həbs-qətimkan tədbiri dəyişdirilib. İstintaqın sonrakı gedişi haqda əlavə məlumata rast gəlmək olmur. Akademik 20 iyun 2022-ci ildə vəfat edib.

Salayevdən fərqli olaraq, Mehdiyev elm sahəsində heç də böyük icadların müəllifi deyil. Dövlətə xəyanətdə ittiham olunan, Kremlin siyasi kluarlarında iqtidara qayıdış üçün özünə bu yaşında dayaq axtarmış keçmiş AMEA prezidenti daha çox “boz kardinal” və Prezident Administrasiyasının rəhbəri olduğu illərdə “ideoloq” kimi ad çıxarıb. Yəni o, sona qədər nə elmin, nə siyasətin akademiki ola bildi.

Ramiz Mehdiyev uzun illər Azərbaycan hakimiyyət sisteminin ən təsirli fiqurlarından biri olub. Onun siyasi çəkisi təkcə tutduğu vəzifə ilə ölçülmürdü. O, qərarların arxasındakı əsas ideoloqlardan və koordinasiya mərkəzlərindən biri sayılırdı. Mehdiyevin ailəsi də illər boyu ictimai müzakirələrin mövzusu olub. Oğlu, qızı, kürəkəni, gəlini və nəvələri ilə bağlı mediada müxtəlif materiallar dərc edilib. İndi üzə çıxan sərvətləri, təkcə evdə aşkarlanan 17 milyon manatdan çox pul Mehdiyev erasının bitməsinin həzin sonu kimi görünür. Yəni akademikin özü haqda yaratdığı ideoloq imici “sabun köpüyü”nə çevrilməkdə, banal və odioz bir fiqur olduğunu sübuta yetirməkdədir.

Ramiz Mehdiyev 1938-ci ildə Bakıda anadan olub. 1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirib. Buradakı təhsilini başa vurduqdan sonra 1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib.

O, AMEA prezidenti (2019-2022), Prezident Administrasiyasının rəhbəri (1995-2019), Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, AMEA-nın həqiqi üzvü (2007), Həqiqi Dövlət Müşaviri olub. Azərbaycan Təhlükəsizlik Şurasının üzvü (2019-2025), Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin (1993-05.03.2021) və Veteranlar Şurasının üzvü (05.03.2021-h.h.), Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini (2004-2024) və üzvü (2004-2025), Dövlət Dil Komissiyası sədrinin müavini (2001-2025) vəzifələrini tutub.

2025-ci ilin oktyabrında Cinayət Məcəlləsinin dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Ötən həftə barəsində ev dustaqlığı qərarı daha 4 ay uzadılıb. Onun işi üzrə köməkçisi Eldar Əmirov, AXCP sədri Əli Kərimli, partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim həbs olunublar. Həmçinin sabiq baş nazir müavini Abbas Abbasov, Avropada yaşayan Qənimət Zahid və Fuad Qəhrəmanlı barədə qiyabi həbs qərarı çıxarılıb.

Göründüyü kimi, akademik Salayev kimi həmkarı Mehdiyev də müxalifətlə işbirliyində ittiham olunub. Mehdiyev Rusiyadakı dostlarına “Dövlət Şurası” yaratmağı təklif edib. Lakin onun da dövlət çevrilişinə cəhdi qeyri-akademik oldu. Beləliklə, təcrübə göstərir ki, bir alim, bir elm adamı yalnız öz sahəsində çevriliş etməlidir...

Tehsil-press.az

Oxşar xəbərlər