Hakimiyyətdə kadr dəyişikliklərinin sirri - həbslər olacaq

Hakimiyyətdə kadr dəyişikliklərinin sirri - həbslər olacaq Yüksək vəzifəli məmurların işdən azad olunması yalnız rutin yenilənmə deyil, həm də strateji məqsədlər daşıyır; Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində bir neçə vəzifəli şəxs istintaqa cəlb olunub

Son günlər hakimiyyətdə ciddi kadr dəyişiklikləri başlayıb. Evvəlcə 2015-ci ildən Dövlət Statistika Komitəsinin sədri vəzifəsində işləyən Tahir Budaqov vəzifəsindən azad olundu. Onun yerinə Azər Mursaqulov təyinat aldı. Tahir Budaqov isə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.

Daha sonra vəzifəsini itirən Saleh Məmmədov oldu. O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən çıxarıldı. Onun yerinə Vüsal Nəsirli Agentliyin İdarə Heyətinin sədri təyin edildi. Qeyd edək ki, son aylarda agentliyin strukturunda dəyişikliklər və yoxlamalar başladıldığı barədə məlumatlar yayılmışdı. Agentliyin aparatında və tabeli müəssisələrində təhvil-təslim işlərinin getdiyi qeyd olunurdu. Rəsmi qurumlardan hələlik bu iddialara reaksiya verilməsə də, hökumətdəki mənbələr ciddi yoxlamaların getdiyini təsdiqləyir. Verilən məlumatlarda o da bildirilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daxilində bir neçə yüksək vəzifəli şəxs artıq istintaqa cəlb olunub. Hətta keçmiş sədrin sabiq müavinlərinin də prosesə daxil edildiyi iddia olunur. Bu isə məsuliyyətin komanda xarakterli ola biləcəyini göstərir. Bildirilir ki, bəzi hallarda hətta artıq üzləşmələr də keçirilib. Üzləşmələr zamanı ziddiyyətli ifadələrin ortaya çıxdığı qeyd olunur. Bu, araşdırmaların daha da dərinləşdirilməsinə səbəb olub.

Ötən həftəsonu fövqəladə hallar nazirinin üç müavini də bir gündə vəzifələrini itirdilər. General-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrdən azad edildilər. Cəbrayıl Xanlarov Orucəli Hacıyevi əvəz edib. Bundan başqa, Yusif Nəbiyev də nazir müavini təyin olunub. O isə bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib.

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 18-ci maddəsi bu qurumda xidmətkeçmənin yaş həddini müəyyən edir: 50 və 55 yaş. Ali rəis heyəti vəzifələrində daxili xidmət general-mayoru, tibb xidməti general-mayoru, daxili xidmət general-leytenantı və tibb xidməti general-leytenantı xüsusi rütbələrində olan əməkdaşlar üçün pensiya yaşı 60 yaşdır. Aydındır ki, hər 3 nazir müavini pensiya yaşını çoxdan keçiblər.

Fevralın 16-da TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov da vəzifəsini itirib. Bildirilib ki, bu qərar Müşahidə Şurası tərəfindən verilib. Bu qəfil qərarın səbəbi də açıqlanmayıb. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in icraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

Hazırda Azərbaycanda hakimiyyətindəki kadr dəyişiklikləri yalnız rutin yenilənmə deyil, həm də daha ciddi məqsədlərlə bağlıdır. Bunun bir neçə əsas səbəbi var. Əvvəla, yeni və gənc kadrların gətirilməsi idarəetmədə dinamizmi artırır. Kadr dəyişikliyi həm də ictimaiyyətə “dəyişiklik və modernləşmə” mesajı verir, hakimiyyətin daima yeniləndiyini nümayiş etdirir. Təsadüfi deyil ki, yeni vəzifəyə təyinat alanların hamısı (Tahir Budaqov istisna-red) gənc kadrlar sayılır.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, hakimiyyət təkcə kadr dəyişiklikləri ilə qane olmamalı, idarəçilikdə yanaşmanı da yeniləməlidir. Əksər məmurların köhnə metodlarla işlədiyini deyən S.Əsədlinin fikrincə, dövrün öz çağırışları var: “Son aylarda həbs edilən icra başçıları, idarə rəisləri, işdən çıxarılan vəzifəli şəxslər məlum olub ki, ya rüşvət alıb, ya da büdcə vəsaitlərini maxinasiya edib. Bu da göstərir ki, idarəetmənin fəlsəfəsi dəyişməlidir. Məmur öz vəzifəsinə qazanc yeri kimi baxırsa, yeni gələn kadr da fərqlənməyəcək. Burada gənclərə üstünlük verilməsi təqdir oluna bilər, amma təcrübəli kadrları da çıxdaş etmək olmaz. Yəni istər gənc, istər yaşlı olsun, idarəçilikdə yeni tələblər olmalıdır. Məsələn, Nəsimi rayonuna icra başçısı təyin olunan şəxs gənc idi, amma 15 gün içində məlum oldu ki, gələn kimi pul yığmağa başlayıb”.

Ona görə də VHP funksioneri hesab edir ki, hakimiyyət iki məsələyə diqqət yetirməlidir: “Xalqla işləyən, təmas quran, öyrədilmiş adamlarla yox, əsl problemləri deyəcək vətəndaşlarla görüşən məmurlar olmalı və korrupsiya ilə mübarizə sərtləşdirilməlidir. Doğrudur, artıq bir proses getməkdədir. Yəni Ramiz Mehdiyev nomenklaturası başa çatır və idarəçiliyə yeni yanaşma gətirməyə cəhdlər var. Amma bu addımlar sürətləndirilməlidir”.

Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu isə təklif edir ki, hakimiyyət vətəndaş cəmiyyəti ilə idarəetmədə dəyişiklikləri və problemləri müzakirə etsin: “Biz təkliflərimizi səsləndirə bilərik və bu da bütün tərəflər üçün faydalı olar. Söhbət kadr təyinatlarında tövsiyə verməkdən getmir, bu, dövlət rəhbərinin səlahiyyətində olan məsələdir. Sadəcə, cəmiyyəti narahat edən mövzular, məmurların vətəndaşlarla rəftarı müzakirə oluna bilər. Bu gün yerlərdən xeyli narazılıqlar, şikayətlər gəlir. Onlar aşağı ranqlı məmurların özbaşına hərəkətlərindən narazıdırlar. Bu da istər-istəməz mərkəzi hakimiyyətə olan münasibətə səbəb olur. Halbuki hər kiçik problemə görə dövlət başçısından kömək gözləmək lazım deyil. Misal üçün, hansısa rayonda suvarma sistemləri idarəsinin rəisi, yaxud hansısa icra başçısının müavini vətəndaşı incidir. Bu da ondan irəli gəlir ki, idarəçilikdə kadr siyasətində daha böyük addımlar atılmalıdır. Yüksək vəzifə tutan şəxslərin işdən azad olunması və yerinə təyinat yuxarı eşelonda olan məsələdir, amma yerlərdə çinovniklər var ki, onlar daha çox narazılıq doğurur”.

Hüquq müdafiəçisi hesab edir ki, rüşvət və korrupsiya ilə mübarizə gücləndirilməlidir: “Eyni zamanda kadr təyinatında təkcə xarici təhsilli olması faktoru prioritet olmamalı, paralel olaraq da bu ölkənin yetişdirdiyi gənclərə fürsət verilməlidir”.

Tehsil-press.az

Oxşar xəbərlər