Bu barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən media brifinqində açıqlama verib.
Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təhsil sənədlərinin tam elektron formada hazırlanmasına dair müvafiq qaydalar artıq təsdiqlənib. Yeni mexanizmə əsasən diplomlar, attestatlar, sertifikatlar və onların əlavələri ali, orta ixtisas, peşə və ümumi təhsil səviyyələri üzrə hüquqi qüvvəyə malik rəqəmsal sənəd kimi formalaşdırılacaq:
“Sözügedən sənədlər Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi vasitəsilə hazırlanacaq və Elektron Hökumət İnformasiya Sistemi üzərindən təhlükəsiz şəkildə təqdim olunacaq”.
İdarə rəisi əlavə edib ki, elektron təhsil sənədlərinə xüsusi ştrix-kod inteqrasiya ediləcək. Bu isə təqdim olunan diplom və attestatların həqiqiliyinin onlayn rejimdə yoxlanılmasına imkan yaradacaq.
Tehsil-press.az







