Dərsliklərin, dərs vəsaitlərinin, tədris-metodik vasitələrin çap olunması üçün proqram təminatı hazırlanacaq

Dərsliklərin, dərs vəsaitlərinin, tədris-metodik vasitələrin çap olunması üçün proqram təminatı hazırlanacaq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin çap olunması üçün müvafiq proqram təminatları hazırlayacaq.
Bu, Təhsil naziri Ceyhun Bayramovun Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” qərarının icrasının təmin edilməsi barədə əmrində öz əksini tapıb.
Əmrdə qeyd olunur ki, ümumi təhsil müəssisələri üçün nəzərdə tutulmuş dərsliklərə qrif verilməsi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası” ilə tənzimlənəcək.
“Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nda qeyd olunub ki, dərsliyə qrif almaq üçün ümumi təhsil müəssisəsi Təhsil Nazirliyinin Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) vasitəsilə dərsliyi və dərsliyin əsaslandığı təhsil proqramını (kurikulumu) elektron formada nazirliyə təqdim etməlidir.
Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün Təhsil Nazirliyi tərəfindən nəşr ediləcək kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə növbəti tədris ilində olan tələbatın proqnozu TMİS vasitəsilə təqdim olunmalıdır. Təhsil müəssisələrinin rəhbərləri kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə olan tələbatla bağlı məlumatları tədris ilinin başlanmasına 6 (altı) ay qalmış TMİS-də bu məqsədlə açılan xüsusi bölməyə daxil edərək, elektron imzaları ilə təsdiq etməlidir. Daxil edilən məlumatlar yerli təhsili idarəetmə orqanları tərəfindən 1 (bir) ay müddətində dəqiqləşdirilərək, elektron imzalarla təsdiq olunduqdan sonra kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə olan tələbat proqnozu formalaşdırılmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər