Masazır məktəbində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi

Masazır məktəbində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbdə növbəti möhtəşəm idman tədbiri keçirildi. Məktəbin direktoru, Allahverdiyeva Gülnarə müəllimənin rəhbərliyi ilə təşkil olunan tədbir şagirdlərin idmana olan marağını, əzmini və qalibiyyət ruhunu nümayiş etdirmək üçün əsl meydan oldu.

Tədbir zamanı müxtəlif idman növlərində fərqlənən şagirdlər diplom və medallarla təltif olundular. Xüsusilə karate və digər döyüş idman növlərində uğur qazanan məktəblilər böyük coşqu ilə qarşılandı. Balaca idmançılar həm valideynlərin, həm də müəllim kollektivinin gurultulu alqışlarını qazandılar. Şagirdlərin sevincli gözləri, medallarla dolu sinələri bu anların nə qədər önəmli olduğunu bir daha təsdiqləyirdi.

Mərasimdə məktəbin idman müəllimləri – İsayev Raman, Nəsibov Rauf və Şahbalayev Oruc – də iştirak edərək şagirdlərin uğurunda öz zəhmətlərinin böyük payını göstərdilər. Onlar çıxışlarında qeyd etdilər ki, məktəbdə sağlam həyat tərzinin təbliği və şagirdlərin fiziki hazırlığının gücləndirilməsi əsas prioritetlərdəndir.

Direktor Gülnarə Allahverdiyeva çıxış edərək bildirdi ki, məktəbdə təhsil alan hər bir şagirdin yalnız akademik deyil, fiziki inkişafı da diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, idman uşaqlarda intizam, məsuliyyət və qalibiyyət ruhu formalaşdırır.

Tədbir geniş ictimaiyyətin iştirakı ilə açıq havada keçirildi. Yüzlərlə şagirdin qatıldığı mərasim əsl idman bayramına çevrildi. Medallarla sinəsi dolu olan məktəblilər öz nailiyyətlərini qürurla nümayiş etdirdilər. Qeyd etmək lazımdır ki, Masazır kənd 3 nömrəli məktəb yalnız təhsil sahəsində deyil, idman sahəsində də öz uğurları ilə seçilir. Məktəb rəhbərliyinin və müəllim kollektivinin birgə səyi nəticəsində şagirdlər respublika və rayon səviyyəli yarışlarda uğurla çıxış edirlər.

Bu il tədbir həm də 5 mart – Gənclər və İdman Günü münasibətilə, eyni zamanda Gənclər Həftəsi çərçivəsində keçirildi. Tədbirdə xüsusi qonaq kimi iştirak edən Əlbayaxa Döyüş Növlərinin Mərkəzinin rəhbəri, 6 dəfə dünya və 2 dəfə Avropa çempionu Səməd İbrahimov uşaqlara gələcəkdə idmanın bütün növlərindən istifadə edərək, dövlətimizin üçrəngli bayrağını beynəlxalq arenalarda yüksəltmək üçün uğurlar arzuladı.

Tədbirdə Səməd İbrahimovun oğlu, 2c sinif şagirdi Raul İbrahimli də iştirak etdi. Raul artıq bir dəfə Respublika, iki dəfə Bakı, beş dəfə isə klublararası yarışların qalibi olub. Onun medallarla dolu uğurları gələcəyin idmançı nəsillərinin parlaq nümunəsi hesab edilir.

Qeyd edək ki, Səməd İbrahimov 35 ildir ki, idman sahəsində fəaliyyət göstərir. Hal-hazırda isə mülki vətəndaşlar, eləcə də dövlət qurumlarının əməkdaşları üçün cinayətkarlığa qarşı müdafiə və idman dərsləri təşkil edir, gəncləri vətəndaşlıq və fiziki hazırlıq baxımından yetişdirir.

Belə tədbirlər bir daha göstərir ki, sağlam gələcəyin təməli məktəbdən başlayır. Masazır 3 nömrəli məktəbin şagirdləri isə bu gələcəyin parlaq nümayəndələri olmağa iddialıdırlar.

Masazır məktəbində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi
Masazır məktəbində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi
Masazır məktəbində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi


Tehsil-press.az

Oxşar xəbərlər