“Azəriqaz” Qarabağ veteranlarını işdən çıxarır?” - RƏSMİ CAVAB

“Azəriqaz” Qarabağ veteranlarını işdən çıxarır?” - RƏSMİ CAVAB Son günlər bəzi media orqanlarında “Azəriqaz”ın Qarabağ müharibəsi veteranlarını və əlillərini kütləvi şəkildə işdən çıxarması ilə bağlı iddialar yayılıb.

Sayılan məlumatlarda xüsusilə Azəriqaz İstehsalat Birliyinin Ağsu regional idarəsində çalışan bir sıra Qarabağ müharibəsi iştirakçılarına əmək müqavilələrinin ləğvi ilə bağlı bildiriş göndərildiyi iddia olunurdu.

Məsələni dəqiqləşdirmək üçün Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qurumun mətbuat xidmətinə sorğu ünvanlayıb. O bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Qurumdan verilən məlumata görə, 23 fevral 2026-cı il tarixinə “Azəriqaz” İB-də ştat üzrə və müddətli əmək müqaviləsi ilə çalışan işçilərin ümumi sayı 9 min 604 nəfər təşkil edib. Onlardan 700 nəfəri Qarabağ müharibəsi iştirakçıları və qazilərdir:

“İstər SOCAR, istərsə də onun strukturuna daxil olan müəssisələr müharibə veteranları və şəhid ailələri ilə bağlı dövlət siyasətinə uyğun olaraq xüsusi həssaslıq nümayiş etdirir və bu kateqoriyaya aid şəxslərin məşğulluq məsələlərinə sosial məsuliyyət çərçivəsində yanaşır. Ağsu Regional Qaz İstismar İdarəsində çalışan bir qrup veteran və əlilə 2026-cı ilin mart ayından etibarən əmək müqavilələrinin ləğvi barədə bildiriş göndərilməsi faktı doğrudur. Lakin bu, kütləvi ixtisar və ya məqsədli işdən çıxarma deyil. Həmin şəxslər vaxtilə DOST İş Mərkəzi tərəfindən işə qəbul edilərək “Azəriqaz”ın müvafiq idarəsinə təhkim olunublar. Onlarla bağlanan əmək müqavilələri müddətli xarakter daşıyıb. Müddətin başa çatması ilə əlaqədar olaraq “DOST İş Mərkəzi” tərəfindən vətəndaşlara SMS vasitəsilə müqavilənin bitməsi və xitam verilməsi barədə bildiriş göndərilib. Bununla belə, həmin şəxslərin müharibə veteranı olmaları müvafiq icra orqanı ilə yenidən dəqiqləşdirildikdən sonra onların əmək müqavilələri yenilənib. Hazırda sözügedən şəxslər Ağsu Regional Qaz İstismar İdarəsində əmək fəaliyyətlərini davam etdirirlər”.

İ.Şaban qeyd edib ki, Qarabağ müharibəsi iştirakçıları və qazilər cəmiyyət üçün xüsusi həssaslıq daşıyan kateqoriyadır:

“Vətən torpaqlarının işğaldan azad edilməsində və dövlət suverenliyinin bərpasında onların xidmətləri danılmazdır. Məhz buna görə də bu cür məsələlər ictimailəşdirilərkən emosional yanaşmadan daha çox faktlara və rəsmi mövqelərə əsaslanmaq vacib hesab olunur”.

Tehsil-press.az

Oxşar xəbərlər