Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin imtahan işləri nümayiş olunub

Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin imtahan işləri nümayiş olunub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) teatr sənəti fakültəsinin dram rejissoru ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin imtahan işləri nümayiş olunub.
Kursun rəhbəri Xalq artisti, professor Cənnət Səlimovadır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən imtahanda ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, teatr sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ellada Hüseynova, dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, dosent Sevda Teymurova, professor Fikrət Sultanov və başqaları iştirak ediblər.
İmtahan çərçivəsində rejissor tələbələrin hazırladıqları etüdlər nümayiş olunub. Etüdlər üçün “Əhdi-cədid”, “Quran” və Dantenin “İlahi komediya” əsəri ədəbi əsas kimi götürülüb.
Tələbələr komissiya qarşısında “Əhdi-cədid”dən “İsa Məsihin birinci möcüzəsi” (rejissor Bella Safina), “Marfa və Mariya” (Raulya Türkkan), “İsa Məsihin dirilməsi” (Farida Nesterenko), “Lazarın dirilməsi” (Yuri Omelçenko), “Quran”dan “Mağara” (Cahandar Cəfərli), “Məscid” (Tamerlan Əsədov), “İlahi komediya”dan isə “Başlanğıc” (Fəridə Nesterenko), “Françesko və Paulo” (Bella Safina), “Qarınqulular” (Yuri Omelçenko), “Şəhvət düşkünləri” (Raulya Türkkan) parçalarını göstəriblər. Bu işdə rejissorlara aktyor sənəti ixtisasının tələbələri də yardımçı olub.
İmtahandan sonra keçirilən müzakirədə tələbə rejissorların hazırladıqları parçalar rejissura və ifaçılıq baxımından təhlil olunub.

ADMİU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər