Mədəniyyət və İncəsənət Universitetində “Pillə” Tələbə Tamaşaları Festivalı keçirilir

Mədəniyyət və İncəsənət Universitetində “Pillə” Tələbə Tamaşaları Festivalı keçirilir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsi çərçivəsində “Pillə” Tələbə Tamaşaları Festivalı keçirilir.
Festivalın açılış mərasimində Mədəniyyət Nazirliyinin əməkdaşları, universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri, tələbələr və media nümayəndələri iştirak ediblər.
Tədbiri açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova “Pillə” Tələbə Tamaşaları Festivalını universitetin həyatında önəmli hadisə adlandırıb. Festivalın adına aydınlıq gətirən rektor deyib: “Pillə” adının seçilməsi heç də təsadüfi deyil. Biz hər zaman tələbələrimizə pillələrlə uğurlara doğru qalxmağı arzu edirik”.
Ceyran Mahmudova festivalın müəllimlərə deyil, tələbələrə yönəldildiyini və burada yalnız onların işlərinin qiymətləndiriləcəyini bildirib. Rektor festivalın işinə uğurlar arzulayıb.
ADMİU-nun Teatrşünaslıq kafedrasının müdiri professor Aydın Talıbzadə bu cür festivalın həm tələbə-aktyorların, həm də tələbə-teatrşünasların təcrübəsində önəmli rol oynayacağını vurğulayıb. Professor festivalın davamlı olmasını və gələcəkdə beynəlxalq səviyyədə təşkil edilməsini arzulayıb. Qeyd olunub ki, iyunun 25-nə kimi davam edəcək festivalda ADMİU-nun aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrin təşkilat komitəsi tərəfindən 30-dan çox tamaşa arasından seçilmiş doqquz diplom və kurs tamaşaları nümayiş olunacaq. Həmçinin hər günün sonunda həmin gün nümayiş olunan səhnə əsərləri tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupu tərəfindən müzakirə ediləcək. Universitetin 100 illik yubileyi ərəfəsində keçirilən “Pillə” festivalı tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi kimi məqsədləri hədəfləyir. Festivalın qalibləri peşəkar teatrşünasların, tənqidçilərin iştirakı və münsifliyi ilə müəyyənləşdiriləcək. Qaliblərə “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” nominasiyaları üzrə mükafatlar, o cümlədən gənc tənqidçilərin xüsusi mükafatı təqdim olunacaq.
Açılış mərasimindən sonra festivalın ilk günü Teatr sənəti fakültəsinin 4-cü kurs tələbələrinin ifasında M.Makdonaxın “İnişmandan gələn şikəst” (kurs rəhbəri Əməkdar artist Şövqi Hüseynov) və U.Şekspirin “Ledi Maqbet” (kurs rəhbəri Ceyhun Dadaşov) tamaşaları nümayiş edilib.

Tehsil-press.az


Oxşar xəbərlər