ADSEA-nın baş mühəndisi BDU-da qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına təsirinə dair ustad dərsi keçib

ADSEA-nın baş mühəndisi BDU-da qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına təsirinə dair ustad dərsi keçib Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun baş mühəndisi, texnika elmləri namizədi Məmməd Əsədov Bakı Dövlət Universitetinin (BDU) Coörafiya fakültəsində “Qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri” mövzusunda ustad dərsi keçib.

Tədbir 27 mart - Azərbaycan Respublikasında “Elm günü” və 22 mart - Ümumdünya Su Gününə həsr olunub.

Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov müasir dövrdə qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına təsirinin elmi cəhətdən tədqiq edilməsinin çox əhəmiyyətli olduğunu, Məmməd Əsədovun bu istiqamətdə elmi tədqiqatlar apardığını iştirakçıların nəzərinə çatdırıb.

Məmməd Əsədov çıxışında su ehtiyatlarının qlobal vəziyyəti barədə məlumat verib. Bildirib ki, dünya əhalisinin 55%-i kəskin su çatışmazlığından əziyyət çəkir. Bu problemin milli səviyyədə aradan qaldırılması üçün ardıcıl strategiyaların icrası zəruridir. Azərbaycan ümumi su ehtiyatlarının həcminə görə dünyada 140-cı, adambaşına düşən su ehtiyatlarına görə isə 90-cı yerdə qərarlaşıb. Son 20-25 ildə Azərbaycanda orta illik temperaturun 1,1°C-dən çox artması qlobal iqlim dəyişmələrinin regional təzahürü kimi dəyərləndirilir. Məruzəçi ölkənin suvarılan torpaq sahələri üzrə su istehlakının sxematik xəritəsini müvafiq izahlarla təqdim edib, işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının idarə olunması istiqamətində fəaliyyətlərə diqqət çəkərək tətbiq olunan texnoloji yeniliklər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonra professor Fərda İmanov, dosent İradə Əliyeva mövzunun aktuallığını vurğulayaraq, Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı təkliflərini səsləndiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər