BDU-da Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

BDU-da Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib Bakı Dövlət Universitetinin (BDU) Tarix, Mexanika-riyaziyyat, Coğrafiya və Geologiya fakültələrinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr olunmuş “Tariximizin ən parlaq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib.
Giriş sözü ilə çıxış edən Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbənin tariximizin ən şanlı səhifəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, xalqımız şanlı ordumuzun cəbhədə erməni silahlı qüvvələrinə vurduğu sarsıdıcı zərbələrlə, azad etdiyi yaşayış məntəqələri ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi.
Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri, BDU-nun dosenti Bəxtiyar Nəbiyev Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açıb, onlarla qürur duyduğumuzu bildirib. Azərbaycan xalqının fəxri olan şəhidlərimizin xatirəsinin qəlblərdə əbədi yaşayacağını qeyd edib.
BDU-nun kafedra müdiri professor Məqsəd Qocamanov, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Geologiya fakültəsinin dekan müavini Ruslan Şəmiyev, Vətən müharibəsi qazisi, BDU-nun məzunu Rasim Nəsibov çıxışlarında 44 günlük Vətən müharibəsindən, düşmən üzərində qələbənin tarixi əhəmiyyətindən söz açıb, bu qələbənin 30 illik erməni işğalına son qoyduğunu, əsrlər sonra da bu zəfərin qürurla anılacağını, tarixi zəfərin qazanılmasında xidmətləri olan şəxslərin ehtiram hissi ilə yad ediləcəyini bildiriblər.
Tədbirin sonunda tələbələr tərəfindən şeirlər səsləndirilib, “Xudayar təsnifi” ifa edilib.

Tehsil-press.az

Oxşar xəbərlər