Millət vəkili: Anti-Azərbaycan qüvvələrin məqsədi növbəti böhtan kampaniyası aparmaqla ölkəmizin nüfüzuna xələl gətirməkdir

Millət vəkili: Anti-Azərbaycan qüvvələrin məqsədi növbəti böhtan kampaniyası aparmaqla ölkəmizin nüfüzuna xələl gətirməkdir Azərbaycanın beynəlxalq nüfuzu artdıqca xaricdə fəaliyyət göstərən anti-Azərbaycan qüvvələr bundan bərk narahat olur və öz çirkin kampaniyalarını işə salırlar.
Bunu Tehsil-press.az-a Yeni Azərbaycan Partiyasından olan millət vəkili Rauf Əliyev deyib.
Millət vəkilinin sözlərinə görə, adətən belə kampaniyalar Azərbaycanda beynəlxalq idman, hümanitar, mədəniyyət və başqa sahələri əhatə edən tədbirlər ərəfəsində aparılır. Növbəti belə bir çirkin kampaniya bu dəfə mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində başlanıb: "Azərbaycan artıq belə hallara öyrəşib. Bu qüvvələrin məqsədi növbəti böhtan kampaniyası aparmaqla Azərbaycanı gözdən salmaq, onun nüfüzuna xələl gətirməkdir. Bu anti-Azərbaycan qüvvələr subyektiv, əsassız və reallıqdan uzaq fikirləri irəli sürürlər".
R.Əliyev xatırladıb ki, 2012-ci ildə Avroviziya, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəylik Oyunları zamanı da Azərbaycana qarşı belə çirkin kampaniyalar təşkil olunmuşdu. Ancaq Azərbaycan qeyd olunan tədbirləri çox yüksək səviyyədə təşkil edərək bütün dünyaya nəyə qadir olduğunu nümayiş etdirdi:
"Bu tədbirlərə qatılmaq üçün müxtəlif ölkədən minlərlə idmançı, tamaşaçı rahat şəkildə ölkəmizə səfər edib və yüksək səviyyədə təşkil olunan yarışları izləyiblər. Ölkəmizə gələn xarici ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin yüksək səviyyədə təmin olunmasından, sabitlik və təhlükəsizlik mühitindən, irimiqyaslı tədbirlərin təşkilatçılıq səviyyəsindən çox razı qalıblar. Bakıda turistlərin gecə hücumlarından çəkinməli olması barədə bəyanat çox yanlışdır. Bakı Londona nisbətən qat-qat daha təhlükəsiz şəhərdir. Azərbaycan nəinki regionda, eləcə də dünyada ən sabit və təhlükəsiz ölkələrdən biridir. Ölkəmizdə təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub".
Deputat qeyd edib ki, ildən-ilə ölkəmizə gələn xarici vətəndaşların sayı durmadan artır: "Ölkəmizin cöğrafi mövqeyi, tarixi, milli adət-ənənələr, mədəniyyətimiz və digər cəlbedici xüsusiyyətləri ilə yanaşı, Azərbaycanda mövcud olan sabitlik və təhlükəsizlik xaricdən gələn turistləri cəlb edən ən vacib amillərdən biridir. Azərbaycan dövləti tərəfindən AFFA-nin təşkilatçılığı ilə mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının final oyununun yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün hazırlıq işləri həyata keçirilib".

Tehsil-press.az

Oxşar xəbərlər