13 il tibb müəssisəsində işləyən qadın işdən çıxarılıb, bülletenlər sistemdən silinib – MƏHKƏMƏ İŞİ

13 il tibb müəssisəsində işləyən qadın işdən çıxarılıb, bülletenlər sistemdən silinib – MƏHKƏMƏ İŞİ Şabran rayonunda 13 il eyni müəssisədə çalışan bir tibb işçisinin işdən azad edilməsi ilə bağlı məhkəmə qərarına hazırda Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.

Söhbət Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) əməkdaşı Vüsalə Nadir qızı Balayevadan gedir.

O, məhkəməyə təqdim etdiyi apellyasiya şikayətində işdən çıxarılmasının qanunsuz olduğunu, həm də saxtalaşdırılmış sənədlər əsasında həyata keçirildiyini yazıb.

Vüsalə Balayeva 2012-ci ildən etibarən Şabran rayon GEM-də sanitar qadın vəzifəsində çalışıb. Lakin 2025-ci ilin payızında müəssisə rəhbərliyi onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (əmək vəzifələrinin kobud pozulması) ilə xitam verib. İşçinin sözlərinə görə, bu qərar əsassız və qərəzli olub.

Apellyasiya şikayətində daha bir mühüm məsələ Həmkarlar İttifaqının razılığı ilə bağlıdır. Əmək Məcəlləsinin 80-ci maddəsinə görə, həmkarlar ittifaqı üzvü olan işçinin əmək müqaviləsinə xitam verilməsi üçün həmin təşkilatın qabaqcadan razılığı alınmalıdır.

Vüsalə Balayeva bildirir ki, belə bir iclas keçirilməyib. Məhkəməyə təqdim olunan protokol sonradan tərtib olunub.

46 yaşlı Vüsalə Balayeva məhkəməyə təqdim etdiyi sənədlərdə subay olduğunu və iflic vəziyyətində olan anasına təkbaşına baxdığını bildirib. Onun sözlərinə görə, işdən qanunsuz olaraq çıxarılması ailənin yeganə gəlir mənbəyindən məhrum edib. Bu səbəbdən o, məhkəmədən işə bərpa olunmasını; məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini; mənəvi zərərin kompensasiyasını tələb edir.

Şabran Rayon Məhkəməsi isə iddiaçının arqumentlərini kifayət qədər sübuta yetirilməmiş hesab edib və onun iddiasını təmin etməyib. Cavabdeh tərəf olan Gigiyena və Epidemiologiya Mərkəzi isə bildirir ki, işçi üzrsüz səbəbdən işə çıxmayıb. Xəstəliklə əlaqəli bülleten məsələsinə isə toxunmur, rəsmi sənədin sistemdən necə silinməsinin üstündən sükutla keçir.

İndi apellyasiya instansiyası xəstəlik bülletenləri ilə bağlı iddiaları, elektron sistemdən məlumatların silinməsi məsələsini və həmkarlar ittifaqının razılığı ilə bağlı prosedurları yenidən araşdırmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər