Türkiyə İsrailə səfir təyin edə bilər 

Türkiyə İsrailə səfir təyin edə bilər  İyunun 28-də Türkiyə və İsrail münasibətlərin normallaşdırılması haqqında saziş imzalayacaqlar.

Tehsil-press.az-n "TRT" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binali Yıldırım deyib. Onun sözlərinə görə, saziş Türkiyə parlamenti və İsrail Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, iki ölkə arasında əlaqələr 2010-cu ildə "Azadlıq donanması" ilə bağlı baş vermiş insidentdən sonra pisləşmişdi. Həmin insident zamanı Qəzza sektoruna istiqamət almış gəminin 9 türkiyəli üzvü İsrail hərbçiləri tərəfindən öldürülmüşdü.
B.Yıldırım bildirib ki, bundan əvvəl İsrail insidentə görə Türkiyədən üzr istəyib: "Sazişə əsasən, İsrail hakimiyyəti ölənlərin ailələrinə 20 milyon dollar məbləğində təzminat verəcək, həmçinin İsrail blokadasında olan Qəzza sektoruna Türkiyə tərəfdən humanitar yardımların daşınmasına icazə verəcək. Qarşıdakı cümə günü Mersin limanından humanitar yardımlar göndərəcəyik".
Türkiyə Baş nazirinin sözlərinə görə, saziş qüvvəyə mindikdən sonra qısa müddətdə İsrailə səfir də təyin ediləcək.
İsrailin Baş naziri Benyamin Netanyahu isə öz növbəsində bəyan edib ki, bu sazişin ölkəsinin iqtisadiyyatına böyük təsiri olacaq. Xüsusilə, İsrail hakimiyyəti Türkiyə vasitəsilə Avropaya qaz tədarükünü təşkil etmək niyyətindədir.


Tehsil-press.az

Oxşar xəbərlər