Bununla bağlı göndərilən müraciətdə Sumqayıt Dövlət Universiteti və AMEAda kadr təyinatları, yerlipərəstlik və maliyyə məsələlərinin araşdırılmalı olduğu bildirilib.
İddia olunur ki, professor Əminağa Sadıqov saxta diplomdan istifadə edərək uzun müddət elmi və rəhbər vəzifələrdə fəaliyyət göstərib. Məsələ ilə bağlı qərar Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev tərəfindən qəbul edilib.
Buna baxmayaraq onunla bağlı heç bir tədbir görülməyib.
Müraciətdə elm və təhsil naziri Emin Əmrullayev və Ülkər Səttarovanın adları hallanır, onların sözügedən şəxslərlə bağlı mövqeyi ilə bağlı suallar irəli sürülür.
“Hörmətli Emin müəllim, hörmətli Ülkər xanım, Siz Əminağa Sadıqov qarşısında hansı öhdəliyi götürmüsünüz ki, Əminağa Sadıqov rektor ola bilmirsə, onun kadrı rektor olmalıdır. Elmi ictimaiyyətin qınağından Sizin xəbəriniz yoxdur?” – deyə qeyd edilib.
Müraciətdə bir sıra şəxslərin də – Famin Salmanov, Əfsun Sucayev, Orxan Abbasov, Rəşad Səlimov, Mətləb Mirzəyev və digərlərinin adları çəkilir. Onların vəzifəyə təyinatı ilə bağlı suallar olduğu bildirilir.
Həmçinin Bundan başqa, Milli Məclisin deputatı Anar İsgəndərov və rektor Rüfət Əzizovun adı çəkilir, onların Sadıqovu və komandasını müdafiə etdiyi iddia olunur.
Müraciət müəllifləri SDU və AMEA-da maliyyə məsələlərinin müvafiq qurumlar tərəfindən araşdırılmasını tələb edirlər.
Qeyd olunan iddialarla bağlı adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Xatırladaq ki, ötən ilin dekabr ayında Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqov Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında professorluq statusundan məhrum edilib.
Qeyd edək ki, Ə.Sadıqov 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.
Tehsil-press.az














