Şagirdlər üçün təlim proqramı keçirildi

Şagirdlər üçün təlim proqramı keçirildi 20-24 iyun tarixlərində Paris Sorbon Universiteti-Abu Dabi və Fransanın Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində Avropa Azərbaycan Məktəbinin və Bakı şəhər məktəblərinin VI-X sinif şagirdləri üçün “Gələcəyin işgüzar səfirləri” adlı 5 günlük təlim proqramı keçirilib.

Layihənin əsas məqsədi şagirdlərin məktəbdə və təhsil ocağını bitirdikdən sonra ictimai-sosial, eləcə də işgüzar həyatda fəal vətəndaş olaraq biznes və menecment sahələrində işgüzar iş adamları kimi yetişməsinə dəstək göstərməkdir. Layihə məktəblinin aktiv şagird, fəal vətəndaş, sosial düşüncəyə sahib menecer, məsul və zamanı düzgün dəyərləndirən rəhbər, səlist işgüzar yazışmaları həyata keçirən şəxs və çoxmədəniyyətli mühitdə çalışmağı bacaran şəxsiyyət kimi yetişməsinə dəstək verməkdir. Proqramın tədris dili ingilis dili idi və bu, şagirdlərə gələcəkdə ingilis dili bacarıqlarını inkişaf etdirmək, eyni zamanda beynəlxalq səviyyədə tanınmış universitet heyətindən bilik əldə etmək imkanı verib.
Proqrama Sorbon Universitetinin profesoru Florent Pratlonq rəhbərlik edib və təlim 5 modul üzrə keçirilib: Beynəlxalq iqtisadi əlaqələr, strateji planlaşdırma və sosial təsir; Məktəb portfoliosunun hazırlanması və universitet həyatı, təqaüd imkanları, ərizələrin doldurulması və yazışma üslubları; Sosial iqtisadi proqramlar, fərdi İKT bacarıqlarının inkişaf etdirilməsi, müstəri münasibətlərində idarəetmə, vaxtın idarə edilməsi; Özünüqiymətləndirmə və özünəinam bacarığı, təqdimatların və çıxışların hazırlaması; Komanda fəaliyyəti, çoxmədəniyyətli iş mühiti, tolerantlıq, layihəyə rəhbərlik.
Proqramda Avropa Azərbaycan Məktəbinin 31 şagirdi və eləcə də, Bakı İstedadlar Təhsil Kompleksinin, Z.Əliyeva adına Liseyin, Bakı Avropa Liseyinin və N.Tusi adına Gimnaziyanın 16 şagirdi də iştirak edib.
Proqramın sonunda 25 iyun tarixində Avropa Azərbaycan Məktəbinin Badamdardakı orta təhsil binasında bütün iştirakçılara Fransanın Azərbaycandakı səfirliyi tərəfindən Paris Sorbon Universiteti-Abu Dabinin sertifikatları təqdim olunub. Tədbirdə Avropa Azərbaycan Məktəbinin rəhbərliyi, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri Yohan Şiterer və Paris Sorbon Universiteti-Abu Dabinin MDB və Türkiyə üzrə məsləhətçisi İmran Muxtarov da iştirak ediblər.


Tehsil-press.az

Oxşar xəbərlər