Azərbaycan Dillər Universitetində “XXI əsrin Dəniz İpək Yolu” mövzusunda seminar keçirildi

Azərbaycan Dillər Universitetində “XXI əsrin Dəniz İpək Yolu” mövzusunda seminar keçirildi İyulun 13-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə görkəmli Çin səyyahı və diplomatı Çjen Xenin şərəfinə təsis olunmuş “Dəniz günü” Çin bayramına həsr olunan “XXI əsrin Dəniz İpək Yolu” mövzusunda elmi seminar keçirildi.
Seminarı giriş sözü ilə açan ADU-dakı Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov iqtisadi İpək Yolu kəməri və XXI əsrin Dəniz İpək Yolunun yaradılması daxil olmaqla Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir Kəmər, Bir Yol” layihəsinin Azərbaycan tərəfindən dəstəkləndiyini dedi. O, bu yaxınlarda Prezident İlham Əliyev ilə Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin görüşünü xatırladaraq orada Çindən Avropaya nəqliyyat marşrutunda Azərbaycanın mühüm tranzit rolu oynadığının vurğulandığını diqqətə çatdırdı.
ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri öz məruzələrində Dəniz İpək Yolunun əsas marşrutlarının xüsusiyyətləri, Çin ticarət gəmiçilik tarixi, görkəmli Çin müsəlman admiralı Çjen Xenin rəhbərliyi altında dəniz ekspedisiyalar, Tarixi İpək Yolunun dirçəlişi üçün Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti haqqında məlumat verdilər.
Seminar çərçivəsində Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Ülkər Əliyeva “XXI əsrin əvvəllərində Amerika-Çin münasibətləri” mövzusunda monoqrafiyanın təqdimatı keçirildi.
Seminarda, həmçinin ÇXR-in Azərbaycandakı səfirliyinin əməkdaşı Çjen Xaynin iştirak edirdi.

ADU-nun Mətbuat Xidməti


Azərbaycan Dillər Universitetində “XXI əsrin Dəniz İpək Yolu” mövzusunda seminar keçirildi

Oxşar xəbərlər