Orta tibb işçisi hazırlayan kollecdə

Orta tibb işçisi hazırlayan kollecdə 2 nömrəli Bakı Baza Tibb Kolleci 1975-ci ildən fəaliyyət göstərir. 1973-ci ildə ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı zaman təhsilə, səhiyyəyə olan qayğısı, uzaqgörən siyasətinin nəticəsində Bakıda yerləşən bir neçə kiçik tibb məktəbi birləşdirilərək zamanın tələbinə cavab verən böyük və yenitipli məktəbin tikilməsinə sərəncam verilmişdir.

Bakı 2 nömrəli Baza Tibb Kolleci hüquqi formasına görə dövlət ota ixtisas təhsilli müəssisədir və onun təsisçisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyidir. Məktəbin direktoru, tibb elmlər namizədi Dilarə Məmmədquluyevanın dediklərindən:
- Məktəbin təməli düz 36 il bundan əvvəl qoyulub. Onu da qeyd edim ki, son illər Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları, lahiyələr, inşa olunan tibb müəssisələri, onların ən müasir avadınlaqlarla təchiz olunması dövlət başçısının sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Bu gün kollecimiz lazımı avadınlaqlarla, əyani vəsaitlərlə təchiz olunmuş 112 sinif otağı, bunlardan 33 laboratoriya, 36 fənn kabineti, təcrübə otaqları, geniş informatika zalı, internet otağı, 300 nəfərlik konfrans zalı, 240 nəfərlik yeməkxana, dünya standartlarına cavab verən 800 kv.m idman zalı, idman meydançası, zəngin kitabxana, tibb məntəqəsi müəllmlərin və tələbələrin ixtiyarındadır.

Orta tibb işçisi hazırlayan kollecdə

Kollec orta təhsili verir. Burada 1975-ci ildən 1983-cü ilə qədər səhiyyə müəssisələri üçün müalicə işi, tibbi profilaktika, ortapedik stomatologiya, laborator diaqnostika, daha sonra tibb bacısının işi, 1989-cu ildən mamalıq işi, 1991-ci ildən isə əczaçılıq işi ixtisasları üzrə orta tibb işçisi hazırlanır. Səhiyyə nazirinin 1988-ci il tarixli 247 saylı əmrinə əsasən məktəbə “Baza” statusu verilmişdir.
Onu da qeyd edək ki, artıq bakı 2 nömrəli Baza Tibb Kolleci respublikada fəaliyyət göstərən digər tibbi məktəblərə təsdiq olunmuş tədris planlarına uyğun olaraq fənn proqramları, metodik tövsiyyələr verir və onun istifadəsini təmin edir.
2007-ci ildən kollecdə orta tibb işçilərinin hazırlanması ilə yanaşı, respublikamızda çalışan orta tibb işçilərinin təkmilləşdirilməsi də həyata keçirilir. Burada yüksək ixtisaslı orta tibb kadrların hazırlanması və təkmilləşdirilməsi sahəsində böyük bir müəllim kollektivi çalışır. Bunlardan 10 nəfəri elmlər namizədi, 5 nəfəri səhiyyə əlaçısı, 20 nəfəri fənn birləşmə sədri, 24 nəfəri laboratoriya müdiri, təlim-tərbiyə prosesini həyata keçirmək üçün 70-ə yaxın sinif rəhbəri vəzifəsini icra edir. Hazırda məktəbədə 1000-dən çox tələbə təhsil alır. Onu da qeyd edək ki, tələbələrin ixtisas fənləri üzrə təcrübə dərsləri təkcə məktəbin kabinet və laboratoriyalarında deyil, Səhiyyə Nazirliyinin tabeliyində olan bir sıra klinik xəstəxana və doğum evlərində tədris olunur. Texniki təchizatla təmin olunmuş müasir məktəbi kompütersiz təsəvvür etmək mümkün deyil. Kollecdə elektron kitabxana yaradılıb. Müəllimlər tərəfindən tələbələr üçün hər ixtisas üzrə CD diskləri hazırlanıb. Həmin disklərdə bütün fənnlər üzrə mövzular öz əksini tapıb. Oxuduğu müddət ərzində tələbələr həmin CD disklərdən istifadə edirlər. Bu kitabxanada gün ərzində istifadə edən tələbələrin maraqları demək olar ki, tam ödənilir. Həmçinin Bakı 2 nömrəli Baza Tibb Kollecinin saytı açılmışdır – (www.medscholl2.com).
Bu saytda kollec haqqında, mütəmadi olaraq tədrisin gedişi, eləcə də keçirilən tədbirlər haqqında dolğun məlumatlar və şəkillər yerləşdirilir. Kollecin kliniki laborator müayinə üsulları fənn müəllimləri Zərqələm Rəsulova və Güllü Cəfərovanın “Kliniki diaqnostik laborator müayinə üsulları”, habelə mikrobiologiya fənn müəllimləri Leyla İsmayılova, Allahverdi Şükürov və Kübra Əhmədovanın “Mikrobiologiya və mikrobioloji müayinə üsulları” adlı 2 dərslik hazırlanıb tələbələrin ixtiyarına verilmişdir. Dərsliklərdən bu gün nəinki tələbələr, hətta tibb sahəsində çalışan orta tibb işçiləri də istifadə edir. Hazırda təhsilin qarşıya qoyduğu tələblərə cavab verə biləcək 2 tibbi dərslik kitabı üzərində iş aparılır.

Orta tibb işçisi hazırlayan kollecdə

Bakı 2 nömrəli Baza Tibb Kolleci bu gün tələbələrə təkcə bilik verməklə kifayətlənmir, eyni zamanda onlarda, milli mənəvi dəyərlərin yüksəlməsi, şəfqət, humanist, mərhəmət hissinin aşılanması yönümündə də mühüm işlər aparır. Burada fənn olimpiadaları, müxtəlif müsabiqələr, seminarlar keçirilir. Belə ki, 2009-2010-cu tədris ilində kimya fənn birləşməsi tərəfindən Mendeleyevin dövri cədvəlinin yaranmasının 140 illiyi ilə əlaqədar maraqlı gecə, terapiya fənn birləşməsi tərəfindən elmi-praktik konfrans, stomatologiya fənn birləşməsi “Bugel protezlərinin hazırlanma texnikası” mövzusu ərafında elmi konfrans, MEDHOLDİNQ tərəfindən metal keramika protezlərinin hazırlanma texnikasından seminar təşkil olunmuşdur.
Bu ilin may ayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə, anatomiya fənni üzrə elmi konfrans, cərrahiyyə fənni üzrə bilik yarışı, “Heydər Əliyev və səhiyyə” mövzusunda qruplararası müsabiqəsi keçirilmişdir.
Vaxtaşırı ən yaxşı “feldşer-laborant və sanitar feldşer” müsabiqə yarışı keçirilir. Müsabiqədə ən yaxşı mahnı, rəqs, şeir, səhnəcik və bilik yarışmasının qalibi müəyyənləşir.

Orta tibb işçisi hazırlayan kollecdə

Bundan əlavə, kollecdə sağlamlıq günü münasibəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi əməkdaşların iştirakı ilə iqlimin insan orqanizminə təsiri, vərəm xəstəliyi, siqaretin mənfi təsiri mövzularında diskusiya şəkilli seminarlar, narkomaniyaya həsr olunmuş “Gəncliyimizi məhv edən ağ ölüm nədir?” mövzusunda konfranslar, “Hərbi tibbi hazırlıq və fəlakətlər”, habelə, ”Hərbi-vətənpərvərlik tərbiyəsi işlərinin nəzəri və praktik problemləri” mövzusunda konfranslar keçirilmişdir.
Kollecdə tarixi günlər də yaddaqalan səviyyədə keçirilir. 18 oktyabr Müstəqillik Günü, 17 noyabr Milli Dirçəliş Günü, qan yaddaşımız olan 1990-cı ilin 20 Yanvar günü, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı və digər tədbirlər belələrindəndir. Tələbələrin həmin hadisələri əks etdirən əl işlərindən ibarət sərgi də böyük maraqla qarşılanmışdır.
Bu gün respublikamızın dövlət tibb strukturlarında 57000-ə yaxın orta tibb işçisi çalışır. Mübaliğəsiz demək olar ki, bunların çox hissəsi bizim kollecin yetirməsidir. 36 il ərzində məktəb 30 minə yaxın müxtəlif ixtisaslar üzrə orta tibb işçi hazırlamışdır. Bu, məktəbdə çalışan hər bir müəllimin qürur və fərəh hissi keçirməsinə əsas verir.
2 nömrəli Baza Tibb Kollecinin uğurları hələ qabaqdadır. İstər təhsil, istərsə də səhiyyə sahəsində əldə edilən hər bir yeniliyi, təcrübəni öz işinə, proqramına daxil edən kollektiv daim birincilik uğrunda mübarizə aparır. Möhkəm özülü olan bu müəssisənin gələcəyə böyük planları var. Bu plan və arzunun reallaşması üçün vargücü ilə çalışan müəllim kollektivi qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə tam əmindirlər.


Əkbər Hüseynzadə

Oxşar xəbərlər