Bu gecə "Rio-2016"nın açılış mərasimi keçiriləcək

Bu gecə Bu gün 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına rəsmən start veriləcək.

Açılış mərasimi Bakı vaxtı ilə saat 03:00-da start götürəcək.
XXXI Yay Olimpiya Oyunlarında 206 ölkə və qaçqınlardan ibarət komanda iştirak edəcək. Braziliyada 11 min idmançı 306 dəst medal uğrunda mübarizə aparacaq. Yarışlar "Marakana" Stadionu, Sambodrom Meydanı, Joao Avelanj adına Olimpiya Stadionu, "Flamengo Park", Rio-de-Janeyro Sərgi Mərkəzi, Mane Qarrinça Milli Stadionu, HSBC Arena, Rodrigu-di-Freytaş Su Anbarı, Rio Olimpiya Arenası, "Pontal" müvəqqəti çimərlik obyekti, Rio Olimpiya Velodromu, Mariya Lenk Su idmanı Mərkəzi, "Gənc Arena", Tennis Mərkəzində keçiriləcək.
Olimpiadaya ən çox idmançı ilə ABŞ qatılacaq. Bu ölkə Rio-de-Janeyroda 550 idmançı ilə təmsil olunacaq. Ən az təmsilçi isə Tuvaludan olacaq - 1 idmançı. Azərbaycanı olimpiadada 18 idman növü üzrə 56 idmançı təmsil edəcək.
Rəsmi açılışın bu gecə olmasına baxmayaraq, artıq olimpiadaya futbol matçları ilə start verilib. Açılış mərasimindən əlavə, gecədə kamandan oxatma yarışları da keçiriləcək. Avqustun 6-dan isə digər idman növlərində mübarizəyə start veriləcək.
Dörd ilin yarışı ilə ən tez vidalaşacaq idmançılar şosse velosipedində qüvvəsini sınayanlar olacaq. Adıçəkilən yarış avqustun 10-da yekunlaşacaq. Ən qısa müddətli yarışlar isə dağ velosipedi, üzgüçülük, batut gimnastikası və triatlon olacaq. Bu idman növləri üzrə yarışlar 2 gün davam edəcək.
Avqustun 6-dan olimpiadanın son gününə qədər davam edəcək yarışlar isə basketbol, boks, həndbol və voleybol üzrə olacaq.
Qeyd edək ki, "Rio-2016"ya avqustun 21-də yekun vurulacaq.


Tehsil-press.az

Oxşar xəbərlər