Qarpızdan zəhərlənməmək üçün nə etməli?

Qarpızdan zəhərlənməmək üçün nə etməli? Son günlər qarpızdan zəhərlənmə halları artmaqdadır. Əksər hallarda insanlar qarpızdan zəhərlənmənin səbəbini tez yetişmək üçün qarpıza vurulan dərmanlarla əlaqələndirirlər. Lakin mütəxəssislər zəhərlənmənin əsas səbəbinin qarpız olmadığı qənaətindədirlər.

Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin direktor vəzifələrini icra edən Rəşad Vahabzadə Tehsil-press.az-a bildirib ki, avqust ayında bitən bostan bitkiləri dərmanlı olmur.
O qeyd edib ki, Nəzarət Mərkəzi Azərbaycanda açıq bostan şəraitində yetişdirilən kənd təsərrüfatı məhsulları üzərində kimyəvi və toksikoloji müayinələr aparır.
R.Vahabzadə bildirib ki, qarpız məhsulları üzərində aparılan laborator müayinələr avqust ayının ilk günlərində də davam etdirilib. Onun sözlərinə görə, müayinələr zamanı məlum olub ki, qarpız məhsulunda toksiki birləşmələr, nitrat və pestisid qalıqları yol verilən həddən artıq olmayıb: “Bu da onu göstərir ki, hazırda qarpızlarla bağlı narahatlığa heç bir əsas yoxdur”.
Həkim mütəxəssislər də zəhərlənmənin yalnız qarpız ilə bağlı olmadığını düşünürlər. Qeyd olunur ki, zəhərlənmənin səbəbi başqa qidalar da ola bilər, sadəcə qarpız mədə və bağırsaqlarda mayeni artırdığı üçün həzm orqanlarında olan faydalı qidalarla yanaşı, zərərli bakteriyaların sovrulmasını da sürətləndirir və ona görə də bir çox hallarda problem qarpızdan sonra yaranır.
Eyni zamanda mütəxəssislər qarpızı yeməzdən əvvəl onun köhnə olmadığına, uzun müddət qızmar günəş altında saxlanmadığına diqqət yetirməyi tövsiyyə edir. Həmçinin qarpızı kəsdikdən sonra uzun müddət açıq havada və ya soyuducuda saxlamaq da məsləhət görülmür. Çünki belə hallarda da zəhərlənmə baş verə bilər.
Qeyd edək ki, mövsüm başlayandan bu günə qədər Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən aparılan müayinələr nəticəsində 3992 kiloqram qarpız yararsız olduğu üçün satışdan çıxarılaraq məhv edilib.


Tehsil-press.az

Oxşar xəbərlər