Səlim Müslümov: hər doğulan 100 qıza 114 oğlan düşür

Səlim Müslümov: hər doğulan 100 qıza 114 oğlan düşür 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faiz artaraq 2016-cı il 1 iyul tarixinə 9755,5 min nəfərə çatıb. 2015-ci ildə doğulanların sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2003-cü ildəki 14 nəfərdən 17,4 nəfərə qədər artıb. Proqnoz hesablamalara əsasən ölkəmizdə əhalinin sayı 2050-ci ildə 12 milyon nəfər təşkil edəcək.

Tehsil-press.az xəbər verir ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhali proqnozlarının və demoqrafik proyeksiyaların hazırlanması məsələləri müzakirə olunub. Tədbirdə əhali üzrə proqnozların və demoqrafik proyeksiyaların hazırlanması məsələləri müzakirə olunub.
Nazir Səlim Müslümov bildirib ki, ötən il əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 2003-cü ildəki 6-dan 2015-ci ildə 5,7 faizə enib. Eyni zamanda 2003-cü ildə hər 1000 diri doğulana 1 yaşa qədər ölən uşaqların sayı 15,5 və 5 yaşadək ölən uşaqların sayı 24,1 olubsa, 2013-cü ildə bu göstəricilər müvafiq olaraq 10,8-ə və 12,9-a qədər azalıb. Ötən ilin yekunlarına görə isə körpə ölümü göstəricisi hər 1000 diri doğulana 11 təşkil edib. “2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş, o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş idisə, 2015-ci ilin nəticələrinə görə bu göstərici 75,2 yaş, o cümlədən kişilər üçün 72,7 yaş, qadınlar üçün isə 77,6 yaş səviyyəsində olub”, - S.Müslümov əlavə edib.

Səlim Müslümov: hər doğulan 100 qıza 114 oğlan düşür

S.Müslümov ölkədə doğulanlar arasında cins nisbətinin pozulması narahatedici məqamlardan birinə çevrildiyini də qeyd edib. “Diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 114 oğlan düşür. Halbuki bioloji norma göstəricisi 105-107 təşkil edir. Təbii ki, bu, ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlar) izah oluna bilər. Bu meylin davam etməsi gələcəkdə demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Ona görə də bu nisbətin böyüməsinin qarşısının alınması üçün müxtəlif məlumatlandırma, maarifləndirmə, həvəsləndirmə və digər tədbirlərin davam etdirilməsinə ehtiyac var. Bununla bağlı olaraq, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Fəaliyyət Planının hazırlanması, ictimai maarifləndirmənin aparılması diqqətdə saxlanılır”.


Tehsil-press.az

Oxşar xəbərlər