Norveçdən xoş təəssüratlarla ...

Norveçdən xoş təəssüratlarla ... Azərbaycan Dillər Universitetinin Norveçin Oslo universiteti ilə əməkdaşlığı çərçivəsində ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisasında təhsil alan tələbəsi Fazilə Davudova iyunun 25-dən avqustun 5-dək Norveçdə təşkil olunan yay məktəbində iştirak edib. Adıçəkilən ixtisasa 408 balla qəbul olan və hazırda II kursda təhsil alan Fazilə Davudova dəqiq fənləri sevsə də özünü heç vaxt ciddi, oturaq iş şəraitində təsəvvür edə bilməyib. Skandinaviyaşünaslıq ixtisasında təhsil almaqdan məmnunluğunu bildirən tələbəmiz bunun gələcək karyerasının başlanğıcı üçün düzgün seçim olduğunu düşünür.
ADU-nun beynəlxalq əlaqələri haqqında araşdırma apararkən universitet tələbələrinin Norveçdə təşkil olunan Yay məktəbində iştirak etmək şansı olduğunu öyrənən tələbəmiz o andan etibarən qarşısına məqsəd qoyub. “Çox çalışdığım üçün məqsədimə çatmaq çətin olmadı”- deyən Fazilə Davudova yay məktəbində iştirak etməyin onun həyatında çox şeyi dəyişdiyini, o cümlədən yeni təhsil metodları ilə tanış olaraq dil biliyini artırmasına, yeni dostlar qazanmasına şərait yaratdığını, eyni zamanda müxtəlif mədəniyyətləri tanımaq, dünyanın dörd bir yanından olan tələbələrlə ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq imkanı qazandırdığını vurğuladı.
Təşkil olunan yay məktəbindən müsbət təəssüratlar və xoş xatirələrlə qayıdan Fazilə Davudova “Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” deyərək Norveç haqqında eşitdiklərini və öyrəndiklərini öz gözü ilə görməyin mükəmməl olduğunu söylədi.
Norveçdə təhsil aldığı müddətdə tələbəmiz sosial ictimai həyatda Azərbaycanın tanıdılması baxımından da bir sıra işlər görüb. O, Azərbaycan haqqında bilgiləri olmayan əcnəbi tələbələrə dövlətimizin tarixi, coğrafiyası, dili, mədəniyyəti barədə məlumat verib. Digər ölkələri təmsil edən tələbələrlə aparılan diskussiyalardan sonra onlar internet vasitəsi ilə Azərbaycanı araşdırmağa başlayıblar. Onların ölkəmizlə bağlı təəssüratları müsbət olub və Azərbaycana səyahət etmək istədiklərini bildiriblər.
Yay məktəbinə qatılan tələbəmizin gələcəklə bağlı planları karyera və təhsil həyatında doğru, inamlı addımlar atmaq, özünü bu yolda inkişaf etdirməkdir. Norveç dilini öyrənməyin onun həyatında önəmli rol oynayacağına, ilk növbədə, gələcəkdə Norveçdə təhsil almaq şansı yaradacağına inandığını söyləyən Fazilə Davudova bütün tələbələrə təhsil və həyatlarında uğurlar arzuladı, layihədə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər