Amerikalı tələbələr Dillər Universitetində

Amerikalı tələbələr Dillər Universitetində
Tələbələr Azərbaycan və türk dilini öyrəndilər

Azərbaycan Dillər Universitetində (ADU) cari ilin iyun ayının 8-dən avqustun 9-dək ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDT) Proqramı üzrə yay məktəbi təşkil olundu. Belə ki, ADU-da təşkil olunan yay məktəbində amerikalı tələbələr 9 iyun- 8 avqust tarixləri ərzində Azərbaycan dilini, iyunun 20-dən avqustun 8-dək türk dilini öyrəndilər. 8 il ərzində fəaliyyət göstərən proqram çərçivəsində Azərbaycan dilini öyrənmək məqsədi ilə ölkəmizə yay məktəbinə gəlmiş amerikalı tələbələr üçün bu il ilk dəfə olaraq Dillər Universitetində Azərbaycan dili ilə yanaşı türk dili qrupu da yaradıldı. İntensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edən “Yay məktəbi”ndə tələbələr Azərbaycan dilini, mədəniyyətini, rəqsini və mətbəxini öyrənməklə yanaşı şəhərin görməli yerlərini, həmçinin muzeyləri, teatrları, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, o cümlədən maddi mədəniyyət abidələrini və dini yerləri ziyarət etdilər.
Proqramın əvvəlində türk dilini öyrənən amerikalı tələbələrin dil bilgisinin başlanğıc səviyyədə olmasına baxmayaraq, onlar iki ay müddətində türk dili bilgilərini zənginləşdirdilər. Onlar türk dilini öyrənməklə yanaşı Azərbaycan mədəniyyəti ilə də yaxından tanış olaraq, ölkəmiz haqqında müəyyən məlumatlar, bilgilər əldə etdilər.
Proqram çərçivəsində tələbələrin ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov başda olmaqla universitet rəhbərliyi ilə görüşləri keçirildi. Görüş zamanı Dünyamin Yunusov tələbələrə yay məktəbi ərzində Azərbaycan və turk dilini öyrənməklə yanaşı onların ölkəmizin tarixi, coğrafiyası, iqtisadiyyatı, həmçinin mədəniyyəti, milli mənəvi dəyərləri, qədim və zəngin tarixi, incəsənəti, musiqisi, hətta mətbəxi haqqında biliklərə sahib olacaqlarını vurğuladı.
Sonda ADU-da təşkil olunan bağlanış mərasimində ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) proqramı ilə təhsil alan amerikalı tələbələr Azərbaycanla bağlı təəssüratlarını ana dilimizdə bölüşdülər, türk dili qrupu isə hazırladıqları şeirləri və mahnıları səsləndirdilər, rəqslər nümayiş etdirdilər.


ADU-nun Mətbuat Xidməti


Amerikalı tələbələr Dillər Universitetində

Oxşar xəbərlər