Azərbaycan Dillər Universitetində “Bilik günü” qeyd edildi

Azərbaycan Dillər Universitetində “Bilik günü” qeyd edildi Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov 2016-2017-ci tədris ilində ADU-ya qəbul olunan I kurs tələbələri ilə görüş keçirdi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə universitetin professor-müəllim heyəti, I kurs tələbələri və onların valideynləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan professor Dünyamin Yunusov tələbələri Azərbaycan təhsil sistemi içərisində aparıcı universitetlərdən biri olan Dillər Universitetində görməkdən şad olduğunu bildirdi.
Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişafın təhsil sektorunda da nəzərə çarpdığını söyləyən Dünyamin Yunusov bu inkişafın əsasında Ümummilli lider Heydər Əliyevin ideyalarının dayandığını və həmin ideyaların prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. O, dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımların, icra edilən dövlət proqramlarının təhsil sistemində yüksək nəticələrin qazanılmasına xidmət etdiyini bildirdi.
Ali təhsil ocağının yaranma tarixindən danışan Dünyamin Yunusov ADU-nun ölkəmizdə Avropa və bəzi müasir Şərq dillərini tədris edən ilk universitet olduğunu qeyd etdi. Universitetə qəbul planının ildən-ilə artırılmasının ali təhsil müəssisəsinin bir daha artan templə irəlilədiyinin göstəricisi olduğunu vurğulayan professor 2016-2017-ci tədris ilində universitetə qəbul olan tələbələrin sayının 1500 nəfərdən çox olduğunu söylədi. O, tələbələrin ənənəvi Pedaqoji və Tərcümə ixtisasları ilə yanaşı, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Filologiya və Jurnalistika istiqamətləri üzrə təhsilə yiyələnəcəklərini sözlərinə əlavə etdi.
Professor Dünyamin Yunusov Ümummilli lider Heydər Əliyevin ideyaları və birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm maddi, həm də mənəvi dəstəyi əsasında yaradılmış İnformasiya Resurs Kompleksinin, o cümlədən universitetin nəzdində fəaliyyət göstərən dil və mədəniyyət mərkəzindən istifadə etməklə tələbələrin öyrəndikləri dilin bələdçisi olacaqlarına əminliyini ifadə etdi.
Universitetdə keçirəcəkləri tələbəlik illərinin tələbələrin həyatlarının ən həyəcanlı və maraqlı illəri olacağına əminliyini ifadə edən Dünyamin Yunusov onların tədris müddətində yeni fikirlərlə üz-üzə gələcəklərini, müxtəlif sivilizasiyaların üzləşdiyi məsələləri öyrənəcəklərini, eyni zamanda öz sahələrində peşəkar olan professorlardan dərs alacaqlarını söylədi. Universitetdə bir çox tələbə təşkilatları, özfəaliyyət klubları və qruplarının fəaliyyət göstərdiyini bildirən professor onların öz maraqlarının qarşılığını tapacağına, istedadlarını inkişaf etdirəcəklərinə, dünyagörüşlərini genişləndirəcəklərinə, yeni dostlar tapacaqlarına və tələbəlik həyatlarını xoş keçirəcəklərinə əminliyini söylədi. Professor Dünyamin Yunusov yeni tədris ili münasibəti ilə tələbələri təbrik etdi və onlara təhsillərində uğurlar arzuladı. O, çıxışının sonunda universitet rəhbərliyini-prorektorları, fakültə dekanlarını, kafedra və departament müdirlərini tələbələrə təqdim etdi.
Sonra ADU-nun Tərcümə fakültəsinə (ingilis dili-Azərbaycan dili) 679 balla qəbul olan I kurs tələbəsi Aydan Nağıyeva çıxış etdi. ADU-nun tələbəsi olmaq arzusunun reallaşdığını dilə gətirən A.Nağıyeva bundan məmnunluq hissi keçirdiyini söylədi. Yüksək bal toplayacağına əmin olduğunu bildirən ADU tələbəsi arzusunda olduğu ixtisasın məhz Dillər Universitetində olduğunu dedi. O, burada yüksək ixtisaslı kadrların dərsləri tədris etməsinin və ADU-nun xarici universitetlərlə mövcud olan əlaqələrinin onun diqqətini çəkdiyini, bu səbəbdən öz istəyi ilə Dillər Universitetini seçdiyini bildirdi.
Daha sonra universitetin Filologiya və Jurnalistika fakültəsinə 668 balla qəbul olan I kurs tələbəsi Şəms Səfərəliyevanın anası Vüsalə Səfərəliyeva çıxış etdi. Bu günün həm həyəcanlı, həm da sevincli olduğunu söyləyən valideyn bütün tələbələri təbrik etdi və onlara savadlı mütəxəssis kimi yetişməyi arzuladı.
Sonda Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva çıxış etdi. İlk öncə tələbələri tələbə adını qazanmaqları münasibəti ilə təbrik edən dekan onların Azərbaycanın ən nüfuzlu Universitetlərindən birinin tələbəsi olduğunu bildirdi. O, tələbələrin seçdikləri ixtisaslar üzrə gələcəyin ən aparıcı mütəxəssislərindən olacaqlarına və mükəmməl öyrənəcəkləri hər bir xarici dilin onlara Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini dünyada tanıtmağa kömək edəcəyinə əminliyini ifadə etdi. İllər öncə bu universitetin I kurs tələbəsi olaraq özünün də eyni hisləri keçirdiyini deyən Vəfa Babayeva universitet rəhbərliyinin, professor-müəllim heyətinin və yuxarı kurs tələbələrinin daim tələbələrlə olacağını söylədi, onların burada özlərini böyük bir ailənin üzvləri kimi hiss edəcəklərini vurğuladı.
Eyni zamanda, yüksək balla ADU-ya qəbul olan tələbələrə noutbuk hədiyyə olundu, həmçinin onlara tələbə biletləri və gül dəstələri təqdim olundu.
Tədbir Azərbaycan Dillər Universitetinin himninin səslənməsi ilə başa çatdı.
Qeyd edək ki, 2016-2017-ci tədris ilində ADU-ya qəbul olan tələbələrin sayı 1574 nəfər olub ki, onlardan 600 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq. Bu tələbələrdən 125 nəfərinin topladığı bal 600-dən yuxarıdır. ADU-da təhsil alan tələbələrin ümumi sayı isə 7000 nəfərə yaxındır.

ADU-nun Mətbuat Xidməti


Azərbaycan Dillər Universitetində “Bilik günü” qeyd edildiAzərbaycan Dillər Universitetində “Bilik günü” qeyd edildi

Oxşar xəbərlər