İordaniya Krallığının səfiri AzMİU-ya gəlib

İordaniya Krallığının səfiri AzMİU-ya gəlib İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nassar Al-Habaşneh Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın qonağı olub.
Azərbaycan ilə İordaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini vurğulayan Gülçöhrə xanım bu əlaqələrin təhsil sahəsinə də müsbət təsir etməsi arzusunu dilə gətirib. Rektor  universitet, burda təhsil alan  əcnəbi tələbələr barədə qonaqlara geniş məlumat verib. Rektor qeyd edib ki, Azərbaycanda memarlıq və inşaat ali təhsilinin 95illik tarixi var, rəhbərlik etdiyi təhsil müəssisəsi ölkəmizdə inşaat üzrə mühəndis hazırlayan yeganə ali məktəbdir.  Universitetin beynəlxalq əlaqələrindən danışan G.Məmmədova bu il bakalavr təhsili üzrə universiteti bitirmiş məzunlar arasında iordaniyalı gənclərin də olduğunu səfirin diqqətinə çatdırıb. O vurğulayıb ki,  Sovet dönəmində Azərbaycanda təhsil almaq istəyən iordaniyalı tələbələrin sayı 73 olsa da, bu gün  onların sayı azalaraq 12 olub. Rektor tələbə mübadiləsi istiqamətində əməkdaşlığın yeni mərhələdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Rektorun görüş təşəbbüsünü qəbul etməsindən məmnun olduğunu deyən cənab Nassar Al Habaşneh G.Məmmədovaya öz minnətdarlığını bildirib. O, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələr kimi təhsilə də öz töhfələrini verməsi üçün İordaniyaya səfəri zamanı bu istiqamətdə çalışacağını, görüşdə səslənən təklifləri dəyərləndirəcəyini vurğulayıb. Səfir qeyd edib ki, təhsillə bağlı əməkdaşlığı, tələbə mübadiləsini genişləndirmək üçün ortaq məxrəcə gəlib birgə layihə hazırlamaq lazımdır. 
Görüşdə səfirliyin 3-cü katibi, səfirin müavini Saad Ghazal, AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru N.Abdullayeva, Əcnəbi tələbələrin təhsili üzrə dekan P.Sadıqov, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı G.Əsgərəlizadə də iştirak edib.
Görüşdən sonra rektor G.Məmmədova qonaqlarla birgə Universiteti gəzib, onları müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, auditoriyalar, imtahan zalları, sərgi salonu, Heydər Əliyev Muzeyi ilə tanış edib.

AzMİU-nun mətbuat xidməti 


İordaniya Krallığının səfiri AzMİU-ya gəlib

Oxşar xəbərlər