"Formula 1 jurnalistlərin gözü ilə" müsabiqəsinə start verilir

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) noyabrın 1-də sayca ikincisi olan “Formula 1 jurnalistlərin gözü ilə” adlı məqalə müsabiqəsinə start verir.

BŞH-dan Tehsil-press.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd bu ildən etibarən Bakıda keçirilən Formula 1 yarışına jurnalistlərin marağını cəlb etmək və bütövlükdə ölkə ictimaiyyəti arasında motoridman yarışının bu növü haqqında məlumatlılığı artırmaqdır.
BŞH-nın Marketinq və Kommunikasiya üzrə rəhbəri Nigar Arpadarai jurnalistləri müsabiqədə fəal iştiraka dəvət edir: “Bu il Bakı ilk dəfə Formula 1 Avropa Qran Prisinə ev sahibliyi etmişdir və bu dünya əhəmiyyətli bir yarışı izləmək və işıqlandırmaq jurnalistlərimiz üçün nadir bir fürsət olmuşdur. Fürsətdən istifadə edərək mən bütün jurnalistləri bu müsabiqədə fəal iştirak etməyə səsləyirəm və inanıram ki, ölkə ictimaiyyəti bu məqalələr sayəsində Formula 1 yarışına yaxından bələd olacaqlar. Bu da öz növbəsində ölkəmizdə motoridman azarkeşlərinin sıralarını daha da genişləndirəcək”.
Dekabrın 25-dək davam edəcək müsabiqədə vətəndaşlığından asılı olmayaraq Azərbaycanda yaşayan və ya işləyən 21 yaşını tamamlamış bütün çap və internet media nümayəndələri iştirak edə bilərlər.
Müsabiqənin nəticələri 14 yanvar 2017-cü il tarixində elan olunacaq və müsabiqənin qalibi 2017-ci il Formula 1 yarış mövsümü öncəsi Barselonada keçiriləcək sınaq yürüşlərini izləmək üçün İspaniyaya səyahət üçün bilet qazanacaq.
İştirakçılar, həmçinin, qiymətli hədiyyələr və sertifikatlarla mükafatlandırılacaqlar.
Məqalə müsabiqəsi haqqında daha ətraflı məlumatı bu keçiddən www.bakucitycircuit.com/az/media/xbrlr/202/formula-1-through-the-journalists-eyes əldə edə bilərsiniz.
Bakı Şəhər Halqası haqqında
Azərbaycanda təşkil olunan Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki “Bakı Şəhər Halqası” (BŞH) adlanır. 19 iyun 2016-ci il tarixində dünyanın ən məşhur pilotlarının Odlar Yurduna - Azərbaycana gəlişi ilə Formula 1 təqvimindəki ən yeni şəhər trekində möhtəşəm yarış baş tutdu. Minlərlə insan Formula 1-in yeni vətəni Azərbaycana gələrək sürət həddinin 360 km/saatı ötdüyü son dərəcə maraqlı keçən yarışa tamaşa etdi. Beləliklə, Bakı Şəhər Halqası dünyada ən sürətli şəhər treki olduğunu təsdiq etdi. Formula 1 tarixində ən sürətli pit-stop rəsmi olaraq 1,92 saniyə ərzində Bakıda keçirilən Qran Pri zamanı Williams komandası tərəfindən həyata keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər