Doqquz ay ərzində 1 milyon 600 mindən çox uşaq tibbi müayinədən keçirilib

Doqquz ay ərzində 1 milyon 600 mindən çox uşaq tibbi müayinədən keçirilib Hazırda Azərbaycanda 18 yaşadək uşaqların sayı 2 588 959 nəfərdir və onların icbari dispanzerizasiyaya cəlb edilməsinə 2014-cü ildən başlanılıb. Bu ilin 9 ayı ərzində ölkəmizdə 1 672 556 uşaq (64,6 faiz) tibbi müayinədən keçirilib.

Tehsil-press.az xəbər verir ki, bu barədə noyabrın 29-da Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda uşaqların icbari dispanserizasiyası ilə bağlı ölkəmizdə görülən işlərə həsr olunmuş mətbuat konfransında məlumat verilib.
Tədbirdə çıxış edən institutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev bildirib ki, tibbi müayinədən keçən uşaqların 87 288-i (5,2 faiz) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyatına götürülüb. Sağlamlığında müxtəlif problemlər aşkarlanan 227 955 azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345-i hospitalizasiya olunub, 4 569-u isə sanator müalicəyə göndərilib.
Baş pediatr diqqətə çatdırıb ki, tibbi müayinədən keçən uşaqlar arasında tənəffüs üzvlərinin xəstəlikləri və qurd invaziyaları (helmintoz) üstünlük təşkil edir. Bundan başqa, uşaqlar arasında digər somatik yoluxucu xəstəliklər də müşahidə olunur. N.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2013-cü ilin martında “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanunun qəbul edilməsi uşaqların sağlamlığının qorunması işində müstəsna əhəmiyyət kəsb edir. Qanun uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, onların mütəmadi olaraq kompleks tibbi müayinələrdən keçirilməsi məqsədi daşıyır.
Mətbuat konfransında uşaqların icbari tibbi müayinələrə cəlb olunmaları ilə bağlı təbliğat aparılmasının vacibliyi də vurğulanıb. Qeyd olunub ki, son 10 ildə uşaqların sağlamlığının qorunması ilə bağlı çoxsaylı dövlət proqramları qəbul edilərək reallaşdırılıb. Hazırda 2014-2020-ci illəri əhatə edən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması haqqında” Dövlət Proqramı icra olunur.

Tehsil-press.az

Oxşar xəbərlər