Rusiya Prezidenti Federal Məclisə illik müraciətlə çıxış edib

Rusiya Prezidenti Federal Məclisə illik müraciətlə çıxış edib Dekabrın 1-də Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətlə çıxış edib.

Rusiyanın dövlət başçısı 2016-cı ildə seçki kampaniyasından danışaraq qeyd edib ki, Dövlət Dumasında çoxluq təşkil etdiyinə görə “Yedinaya Rossiya” Partiyasının üzvlərinin üzərinə böyük məsuliyyət düşür.
Rusiya lideri ölkədə informasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilməsini tövsiyə edib. Təhsil sistemində dəyişikliklərdən danışan Rusiya dövlətinin başçısı məktəblərdə təhsillə yanaşı, mənəvi tərbiyə ilə də məşğul olmanın vacibliyini vurğulayıb. V.Putin yaxın vaxtlarda ikinci və üçüncü növbə təhsildən imtina etməyə, müəllimlərin peşəkarlığının artırılmasına diqqət yönəltməyə çağırıb. O, 2016-2019-cu illərdə Rusiyada daha 187 min yeni məktəbin açılacağını bildirib.
V.Putin Rusiyada sənaye istehsalında az da olsa artımın müşahidə olunduğunu qeyd edərək iqtisadiyyatın inkişaf sürətinin azalmasına sanksiyaların və xarici təzyiqlərin səbəb olduğunu vurğulayıb. Eyni zamanda, Rusiya Prezidentinin fikrincə, daxili amillərin də bu məsələyə böyük təsiri var. O, iqtisadiyyatın baza problemlərini tezliklə həll etməyin vacibliyini vurğulayıb.
Prezident V.Putin 2017-ci ilin “Ekologiya ili” elan olunacağını bildirərək ekoloji problemlərin ölkə üçün aktuallığını diqqətə çatdırıb. Kənd təsərrüfatı sahəsində müsbət göstəricilərin əldə olunduğunu deyən Rusiya lideri, gələn il subsidiyaların bölünməsində ölkə regionlarına daha çox sərbəstlik verilməsini vacib hesab edib.
Müdafiə sənayesində mülki məhsulların istehsalının artırılmasından danışan Rusiya dövlətinin başçısı 2030-cu ilədək bu sahədə mülki məhsulların payının 16 faizdən 50 faizə çatdırılmasını tapşırıb.
Ölkədə korrupsiya ilə mübarizədən danışan dövlət başçısı hüquq mühafizə orqanlarını əks-səda doğurmuş cinayət işləri ətrafında informasiya şousu yaratmamağa çağırıb. V.Putin vurğulayıb ki, məhkəmənin qərarı olmadan hökm çıxarılması düzgün deyil.
Prezident xarici siyasətdə MDB, BRİCS, ŞƏT və Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığı prioritet sahə adlandırıb, Rusiyanın Çin, Hindistan və Yaponiya ilə əlaqələri genişləndirəcəyini vurğulayıb. Rusiya dövlətinin başçısı terrorizm ilə mübarizə sahəsində ABŞ ilə sıx əməkdaşlığa ümid bəslədiyini də diqqətə çatdırıb. V.Putin dünyada baş verən münaqişələrdən narahatlıq ifadə edərək vurğulayıb ki, hətta ən firavan ölkələrdə də daxili ziddiyyətlər baş verir. Bu cür hadisələrin təhlili obyektiv və ədalətli yanaşma tələb edir.
Xatırladaq ki, bu, Prezident Vladimir Putinin Federal Məclisə 13-cü müraciətidir. İlk müraciət keçmiş Prezident Boris Yeltsin tərəfindən 1994-cü ildə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər