Tələbələr SOCAR-ın təqaüd proqramları barədə məlumatlandırılıblar

Tələbələr SOCAR-ın təqaüd proqramları barədə məlumatlandırılıblar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentinin əməkdaşları Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüşüblər.
Görüşdə SOCAR-ın təqaüd proqramlarının təqdimatı olub.
AzTU-nun prorektoru İsa Xəlilov SOCAR-ın gənclərlə bağlı layihələrinin üstünlüklərindən və əhəmiyyətindən danışıb, tələbələrə bu layihələrə qatılmağı tövsiyə edib. Bildirilib ki, görüşün məqsədi gəncləri SOCAR-ın tələbələrlə bağlı layihələri ilə tanış etməkdir.
SOCAR-ın əməkdaşları şirkətin həyata keçirdiyi daxili təqaüd proqramı, yay məktəbi layihəsi, xarici təqaüd proqramı və ödənişli yay təcrübəsi proqramı haqqında tələbələrə ətraflı məlumat veriblər. Bildirilib ki, SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə daxili təqaüd proqramını həyata keçirir. Xarici təqaüd proqramı çərçivəsində isə hər il 50-dək gəncin SOCAR-ın vəsaiti hesabına dünyanın nüfuzlu universitetlərində təhsil almasına imkan yaradılır. SOCAR təqaüdü təhsil haqqı, vizaların alınması, tibbi sığorta, yaşayış, nəqliyyat xərcləri də daxil olmaqla bütün xərcləri əhatə edir.
Qeyd olunub ki, SOCAR Azərbaycanda təhsil alan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli yay təcrübəsi proqramını da həyata keçirir. Seçilmiş tələbələrlə əmək müqaviləsi bağlandıqdan sonra istehsalat təcrübəsi şirkətin müəssisələrində keçirilir. Bu proqrama seçim zamanı SOCAR-ın təqaüd müsabiqələrinin qaliblərinə, həmçinin müsabiqələrdə yaxşı nəticələr göstərmiş tələbələrə üstünlük verilir.

AzTU-nun Mətbuat Xidməti


Tələbələr SOCAR-ın təqaüd proqramları barədə məlumatlandırılıblarTələbələr SOCAR-ın təqaüd proqramları barədə məlumatlandırılıblar

Oxşar xəbərlər