Dövlət Neft və Sənaye Universiteti ilə SOCAR arasında əməkdaşlıq genişlənir

Dövlət Neft və Sənaye Universiteti ilə SOCAR arasında əməkdaşlıq genişlənir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli ilə tələbələrin görüşü keçirilib.
Universitetin rektoru, professor Mustafa Babanlı SOCAR-ın nümayəndəsi ilə görüşün əhəmiyyətini qeyd edib. SOCAR-ın bu ali məktəblə əməkdaşlığını yüksək dəyərləndirən rektor ADNSU-da həyata keçirilən islahatlar barədə məlumat verib. O deyib: “Məqsədimiz neft sənayesi sahəsində bacarıqlı və savadlı mütəxəssislər hazırlamaqla yanaşı, həm də şəxsiyyət formalaşdırmaqdır. Çalışırıq ki, tədris müasir texnologiyanın inkişafına əsaslansın. Bu gün tələbələrimizə yüksək ali təhsil verməyi və onların işlə təmin olunmasını prioritet hesab edirik”.
SOCAR ilə ADNSU arasındakı əlaqələrdən söz açan A.Bəkirli vurğulayıb ki, bu əməkdaşlıq on ildən çoxdur davam edir. Tələbələrlə görüşün əhəmiyyətini vurğulayan A.Bəkirli deyib: “Əsas məqsədimiz səriştəli işçilərin vakansiyalar üzrə yerləşdirilməsi və onların mütəxəssis kimi yetişdirilməsidir. Bu gün SOCAR iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsidir. Bu baxımdan da əməkdaşlığımız həm tədris, həm də təcrübə baxımından daha da genişlənməlidir”.
Görüşdə, həmçinin SOCAR-ın gənclərlə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verilib, videoçarx nümayiş olunub. Qeyd edilib ki, ADNSU-nun tələbələri SOCAR-ın reallaşdırdığı təqaüd proqramlarının, yay məktəbi layihələrinin, eləcə də digər təşəbbüslərin fəal iştirakçılarıdır. Belə ki, ADNSU-dan 47 təqaüdçü tələbə seçilib, bu günədək təcrübə tələb etməyən vakansiyalar üzrə 215, ümumilikdə 402 məzun işlə təmin olunub.

ADNSU-nun Mətbuat Xidməti
[right][/right]

Oxşar xəbərlər