"Visa" Azərbaycanda əsas fəaliyyət istiqamətlərini müəyyən edib

"Visa" Azərbaycanda ortamüddətli planlarının üç əsas istiqamətini və fəaliyyət perspektivlərini müəyyənləşdirib.

Bunu Tehsil-press.az-a açıqlamasında "Visa International"ın MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə baş meneceri Mendi Lemb deyib.
Xanım M.Lemb qeyd edib: "Ortamüddətli perspektivdə strateji baxışımızın üç istiqaməti var. Birincisi, çox səyahət edən, xaricdə çox pul xərcləyən premium seqmentə məxsus müştərilərdir. Onlara əlavə imtiyazlar təklif etmək, onları plastik kartlarla ödəniş etməyə təşviq etmək çox vacibdir. Beləliklə, premium müştəriləri dəstəkləmək bizim üçün çox mühüm istiqamətdir".
Onun sözlərinə görə, "Visa"nın ölkədə ikinci fəaliyyət istiqaməti yaxın gələcəkdə bazarın kütləvi seqmentinin təşviqi olacaq:
"Azərbaycanda plastik kartları olan istehlakçıların əksəriyyəti - 80 faizdən çoxu hələ də "kütləvi bazar-seqment"ə daxildir. Biz belə müştəriləri təşviq etməliyik, belə ki, onlar arasında hələ də nağd hesablaşmalar üstünlük təşkil edir. Biz onların maliyyə savadlılığını artırmalıyıq. Bu sahədə banklarla əməkdaşlıq edə bilərik".
Baş menecerin fikrincə, bu, ölkədə nağdsız hesablaşmaların payını artıracaq:
"Üçüncü istiqamət isə burada tətbiq etməyə hazırlaşdığımız innovasiyalardır. Bu, ilk növbədə, təhlükəsizliyin artırılmasına yönəlmiş rəqəmsal sığorta, rəqəmsal kartların buraxılışı və digər innovasiyalardır. Bütün bu istiqamətlər üzrə tənzimləyici ilə əməkdaşlığı davam etdirəcəyik. Qeyd etmək lazımdır ki, bizim strategiyamız təkcə ortamüddətli deyil, uzunmüddətli perspektivlərə də malikdir".

Tehsil-press.az

Oxşar xəbərlər