Azərbaycanın daha iki gimnastı Dünya Kubokunda finala yüksəldi

Azərbaycanın daha iki gimnastı Dünya Kubokunda finala yüksəldi Azərbaycan gimnastları Yuliya İnşina və Yekaterina Tişkova Bakıda keçirilən idman gimnastikasə üzrə Dünya Kubokunda finala çıxıblar.

Təhsil-press.az-ın məlumatına görə, onlar paralel qollarda hərəkətlərdə çıxışları ilə finala yüksəliblər. Kvalifikasiyanın yekunları üzrə Y.İnşina 11,866 xal toplamaqla 6-cı yeri, Y.Tişkova isə 11,400 xal toplamaqla 8-ci yeri tutub.
Finala həmçinin Çin təmsilçiləri Cenyu Vanq və Çunsonq Şanq, Avstarliya gimnastları Corcia-Rouz Braun və Rianna Mizzen, Ukrayna təmsilçiləri Diana Varinska və Angelina Radivilova çıxıblar.
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.
Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.
Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.
Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Təhsil-press.az

Oxşar xəbərlər