Əbülfəs Qarayev: Bakı Şopinq Festivalının mədəni proqramı çox zəngin olacaq

Əbülfəs Qarayev: Bakı Şopinq Festivalının mədəni proqramı çox zəngin olacaq Bakıda ilk dəfə keçirilən Şopinq festivalın açılış mərasimi çərçivəsində Azərbaycan Dövlət Rəqs ansamblı yeni layihə ilə çıxış edəcək.

Təhsil-press.az-ın məlumatına görə, bunu bu gün Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, festival çərçivəsində ansamblın yeni proqramı təqdim olunacaq: "Bu proqram üzərində bir neçə müddətdir ki, yeni kollektiv çalışır. Azərbaycanın rəqs xəzinəsindən bəzi rəqslər bərpa olundu. Bu gecə xüsusilə onunla əlamətdardır ki, Azərbaycan rəqs ansamblını canlı orkestr müşayiət edəcək. Bununla da biz silsilə olaraq Şopinq festivalın mədəni proqramını açırıq. Mədəni proqram çox zəngin olacaq. Həm xaricdən qonaqlarımız olacaq, həm də bütün ticarət mərkəzlərində xüsusi əyləncə proqramı təşkil olunacaq".
Nazir qeyd edib ki, festival çərçivəsində bir sıra beynəlxalq tədbirlər keçiriləcək: "Şopinq Festivalı müddətində eyni zamanda Rastropoviç festivalı, dünya forumları keçiriləcək və bu tədbirlərə gələcək qonaqların festivalın imkanlarından faydalanmasını biz səbirsizliklə gözləyirik".
Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Təhsil-press.az

Oxşar xəbərlər