Sektor müdiri: Bəzən ödəniş tələb olunmayan yerdə pasiyentdən ödəniş də tələb edilir

Sektor müdiri: Bəzən ödəniş tələb olunmayan yerdə pasiyentdən ödəniş də tələb edilir Azərbaycanda həkim və pasiyentlər arasında sonradan hər hansı problemin olmaması üçün həkim-pasiyent münasibətlərinin qurulması prinsipi dəyişməli və bu münasibətlərin qurulmasında düzgün yanaşmalar tətbiq edilməlidir.

Bunu Təhsil-press.az-a Səhiyyə Nazirliyinin (SN) Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
E.Əzizovun sözlərinə görə, bu gün Azərbaycanda həkim məsuliyyətinin artırılması üçün qanunvericilikdə hər hansı dəyişikliklərin edilməsinə ehtiyac yoxdur: ”Bu sahədə qanunvericilikdə ümumiyyətlə, boşluq yoxdur. Qanunvericilikdə həkimlərin məsuliyyət məsələsi ilə bağlı kifayət qədər sanksiyalar var. Bunlar ilk növbədə intizam tədbirlərini nəzərdə tutan məsuliyyətlərdir. Həkimin əmək fəaliyyətində pozuntular olarsa, həkim səhvi qeydə alınarsa, o, intizam qaydasında məsuliyyətə cəlb edilir. Belə halda həkim nəinki intizam, hətta cinayət məsuliyyətinə, təzminatla bağlı mülki məsuliyyətə də cəlb oluna bilər. Yəni qanunvericilik bu məsələləri kifayət qədər tənzimləyir və hüquqi baxımdan heç bir problem yoxdur. Problem sadəcə olaraq, ondadır ki, həkim-pasiyent münasibətlərinin qurulması dəyişməli və münasibətlərin qurulmasına yanaşmalar düzgün olmalıdır. Həkim və pasiyent bir-birinə qarşılıqlı hörmətlə yanaşmalıdır. Qarşılıqlı hörmət olsa, tərəflər bir-birlərinin vəzifələrinə və hüquqlarına hörmətlə yanaşsalar, şikayətlərin də bir çoxu aradan qaldırılacaq. Hazırda bununla bağlı “Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi ilə birlikdə regionalarda treninqlər keçirilir. Bu treninqlərin keçirilməsində də məqsəd odur ki, həkim və pasiyent arasında olan anlaşılmazlıqlar aradan qaldırılsın”.

Təhsil-press.az

Oxşar xəbərlər