BP: "Şahdəniz-2" layihəsi üzrə işlərin 92%-i tamamlanıb

BP: 2017-ci ilin birinci rübündə "Şahdəniz-2" layihəsinin tikinti işləri uğurla davam edib. "BP-Azerbaijan" şirkətindən Təhsil-press.az-a verilən məlumata görə, hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 92%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.
"Mart ayında layihə daha bir mühüm hadisəni qeyd etdi - "Şahdəniz-2" üçün tikilən platformalardan ikincisinin də dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq üçün yola salındı. Yaşayış Blokları və Texnoloji Təchizat platformasının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan yola çıxaraq Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsində uğurla suya salındı və quraşdırıldı. Payaların quraşdırılması və son tamamlanma işləri isə hələ davam edir. Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda uğurla davam edir. Gəminin 900 ton gücündə olan əsas kranı bu yaxınlarda yükqaldırma sınağından uğurla keçdi. Gəmi 2017-ci ilin yayında zavodun yanalma körpüsündən dəniz sınaqlarına yola salınacaq ki, bu da "Şahdəniz-2" layihəsi çərçivəsində başa çatdırılmış ən iri işlərdən biri olacaq. ATA tikinti-quraşdırma sahəsində "Şahdəniz-2" platformasının hər iki üst modulunun tikintisi başa çatıb, hazırda istismar sınaqları sona yaxınlaşır. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin yayına planlaşdırılır. Dünyanın ən iri neft və qaz terminalllarından biri olan Səngəçal terminalında "Şahdəniz-2"dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir. Ümumilikdə "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi", - deyə şirkətin məlumatında bildirilib.

Təhsil-press.az

Oxşar xəbərlər