İlham Əliyev: Azərbaycanın digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artacaq

İlham Əliyev: Azərbaycanın digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artacaq Azərbaycanın digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artacaq.

Tehsil-press.az-ın məlumatına görə, bunu bu gün Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlətimizin başçısı qeyd edib: “Bu gün yola saldığımız dayaq bloku onu göstərir ki, Azərbaycan böyük işləri görməyə qadir bir ölkədir. Sevindirici hal ondan ibarətdir ki, bu dayaq bloku və platformanın üst tikililəri 100 faiz Azərbaycanda inşa edilir. Bu nəhəng qurğuların inşasında işləyənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu da “Əsrin kontraktı”nın nəticəsidir. Çünki 1994-cü ildə imzalanmış “Əsrin kontraktı”nın şərtlərindən biri də o idi ki, yerli mütəxəssislər, fəhlələr tədricən üstünlük təşkil etsin və artıq işləyənlərin 80 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. “Şahdəniz” layihəsinin icrasında 20 mindən çox Azərbaycan vətəndaşı işləyir, yaxşı maaş alır, təcrübə toplayır. Bu vətəndaşlar gələcəkdə digər layihələrdə işləyəcəklər. “Şahdəniz-2” layihəsi təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa üçün böyük əhəmiyyət daşıyan bir layihədir. İyirmi il bundan əvvəl saziş imzalanmışdır və bu gün biz bu sazişin gözəl nəticələrini görürük. Artıq neçə ildir ki, Azərbaycan qazı region ölkələrinə ixrac edilir. Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edibdir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır. Bu rol getdikcə artacaq”.
İlham Əliyev deyib ki, “Şahdəniz” və “Cənub Qaz Dəhlizi” layihələri dünyanın ən böyük enerji layihələrindəndir: “Cənub Qaz Dəhlizi”nin inşası da uğurla gedir. Bütün bu işlər əlaqəli şəkildə aparılır. Əminəm ki, cədvəl üzrə gedən işlər 2018-2020-ci illərdə tamamlanacaq və beləliklə, Azərbaycan qazı daha da böyük həcmdə qonşu ölkələrə, Avropa ölkələrinə nəql ediləcəkdir”.
Prezident vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” artıq 7 ölkəni birləşdirir. Azərbaycan bu istiqamətdə öz liderlik fəaliyyətini davam etdirir: “Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iki dəfə iclası keçirilmişdir. Biz yeni bir beynəlxalq əməkdaşlıq formatını yaratdıq. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya bu layihənin iştirakçılarıdır. Bununla bərabər, üç Balkan ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə növbəti mərhələdə qoşulacaqlar. Beləliklə, Azərbaycan qazının gələcəkdə müxtəlif ölkələrə ixracı üçün yeni imkanlar yaranır. Bunu tərəfdaşlarla birlikdə biz yaradırıq, Azərbaycan xalqı yaradır”.


Tehsil-press.az

Oxşar xəbərlər