Prezident İlham Əliyev: Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır

Prezident İlham Əliyev: Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır.
Təhsil-press.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakıda 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: "Hörmətli xanımlar və cənablar. Əziz dostlar. Mən sizin hamınızı ürəkdən salamlayıram. Xəzər Neft və Qaz sərgisinin açılışı münasibətilə sizi təbrik edirəm.
Bu sərginin Azərbaycanda keçirilməsi çox əlamətdar hadisədir. Artıq ölkəmizdə 24-cü sərgi keçirilir. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır".
İlham Əliyev vurğulayıb ki, sərgiyə maraq azalmır, əksinə, artır: "Burada qeyd olundu ki, 300-ə yaxın şirkət bu sərgidə iştirak edir. Tam əminəm ki, builki sərgi də uğurlu olacaqdır. Amma əlbəttə ki, birinci sərginin keçirilməsi ölkəmizi dünyada tanıtdırmaq üçün xüsusi rol oynamışdır. Çünki o vaxt Azərbaycanı tanımırdılar, Azərbaycan gənc, müstəqil dövlət idi. Ölkəmizdə kifayət qədər çox problemlər var idi və ölkəmizin neft-qaz potensialını dünyaya təqdim etmək üçün sərginin əvəzolunmaz rolu olmuşdur. Mən sərginin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Onlar Azərbaycanla 24 ildir ki, əməkdaşlıq edirlər, ölkəmizin inkişafına böyük töhfələr verirlər.
1-ci sərgi isə Azərbaycanı dünyaya böyük potensialı olan ölkə kimi təqdim etmək üçün xüsusi məna daşıyırdı. O vaxtdan bu günə qədər Azərbaycan neft-qaz sahəsində xarici investorlarla çox uğurlu əməkdaşlıq qura bilib".
Prezident bu əməkdaşlığın qarşılıqlı maraqlar əsasında qurulduğunu bildirib:
"Həm dövlət, həm də sərmayədarlar öz mənfəətini götürür. Beləliklə, Azərbaycanda xarici investorlarla çox gözəl əməkdaşlıq formatı yaradılmışdır. Bu format bu gün digər sahələrdə də özünü büruzə verir. Bildiyiniz kimi, hazırda bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Biz neft sektorunda əldə etdiyimiz təcrübəni, xüsusilə xarici sərmayədarlarla əməkdaşlıq təcrübəmizi indi qeyri-neft sektoruna da tətbiq etməyə çalışırıq və bu sahədə də uğurlara nail ola bilmişik".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan neft ölkəsidir, ilk neft 1846-cı ildə çıxarılıb:
“Yeni tarixi sənədlər aşkarlandı. Mən bir müddət bundan əvvəl göstəriş vermişdim ki, dünyanın müxtəlif kitabxanalarında, muzeylərində mövcud olan sənədlər bir daha nəzərdən keçirilsin və daha dəqiq məlumat hasil edilsin. Bu məlumat əsasında yeni tarixi sənədlər üzə çıxıb və bu sənədlər göstərir ki, 1846-cı ildə Azərbaycanda, Bakının Bibiheybət ərazisində ilk neft quyusunda neft çıxarılmışdır. Bu il biz bu əlamətdar hadisəni qeyd eymək üçün o ərazidə həmin köhnə neft quyusunun abidəsini ucaltdıq və əminəm ki, Bakıya gələn turistlər üçün də bu sahə çox böyük maraq doğuracaq. Eyni zamanda keçən əsrin ortalarında dünya miqyasında ilk dəfə dənizdə neft Azərbaycanda Xəzər dənizində çıxarılıb. Bu mənada demək olar ki, dənizdə neft hasilatının vətəni də Azərbaycandır, Xəzər dənizidir".
İlham Əliyev deyib ki, neft sənayesi Azərbaycanda sovet dövründə də inkişaf edib və II Dünya müharibəsində Azərbaycan neftçilərinin faşizm üzərində qələbəyə töhfəsi əvəzolunmazdır: "Yanacağın 70-80 faizi Azərbaycan neftçiləri tərəfindən təmin edilmişdir. Əgər belə olmasaydı, müharibənin nəticələri başqa cür ola bilərdi".
Prezident bildirib ki, 1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda neft sənayesinin inkişafı daha geniş vüsət almışdır: "Bir çox önəmli layihələr icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Ancaq əfsuslar olsun ki, müstəqillik ərəfəsində və müstəqilliyimizin ilk illərində neft sənayesi Azərbaycanda tənəzzülə uğradı. Neft hasilatı, qaz hasilatı kəskin aşağı düşmüşdü, Azərbaycan dinamik inkişaf templərini demək olar ki itirdi. Eyni zamanda, vaxtilə heç bir ekoloji standartlara uyğun olmayan hasilat nəticəsində Bakı və Abşeron yarımadasının böyük bir əraziləri neftlə çirklənmişdi. Hazırda biz o çirklənmiş yerləri təmizləyirik, orada çox böyük ekoloji layihələr icra edilir, o cümlədən, məşhur Bibiheybət ərazisi bu gün ekoloji məkana, yaşıl məkana çevrilibdir.
Bax, belə bir vəziyyətdə Azərbaycan müstəqilliyə yaxınlaşdı və əlbəttə ki, dünya üçün öz cəlbediciliyini itirmişdi. Əgər biz müstəqilliyin ilk illərində yaşanan böhranı - hərc-mərclik, xaos, anarxiya, qanunsuz silahlı birləşmələr, vətəndaş müharibəsi, erməni işğalını da əlavə etsək, əlbəttə ki, bütün bu amillər Azərbaycanı xarici investorlar üçün çox riskli, təhlükəli bir ölkəyə çevirmişdi. Belə olan halda bizim yeganə inkişaf yolumuz xarici investorları cəlb etməkdən ibarət idi və xoşbəxtlikdən Azərbaycan xalqı 1993-cü ildə bir daha öz müdrikliyini göstərərək ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi, prezident vəzifəsinə seçdi və bundan sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu".
İlham Əliyev qeyd edib ki, 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik istiqamətində çox önəmli addımlar atılmışdır, bir neçə il ərzində tam sabitlik bərpa olunmuşdur və Azərbaycan dünyada öz layiqli yerini tutmağa başlamışdır:
"Ancaq o vaxt iqtisadiyyat demək olar ki dağılmışdı, inflyasiya min faizdən çox idi, sənaye istehsalı demək olar ki dağılmışdı və iqtisadi cəhətdən inkişaf üçün böyük perspektivlər yox idi. Və aydındır ki, iqtisadiyyatı olmayan ölkə heç vaxt real müstəqilliyə nail ola bilməz. Bu gün bizim müstəqilliyimiz təkcə dövlət atributları ilə ölçülmür. Bizim müstəqil xarici və daxili siyasətimiz var, bizim güclü iqtisadiyyatımız var, maliyyə resurslarımız var. Biz öz hesabımıza yaşayırıq və buna görə də müstəqil ölkə kimi öz səsimizi bütün tribunalardan ucalda bilirik, öz mövqeyimizi müdafiə edə bilirik.
O vaxt isə Azərbaycan müəyyən dərəcədə asılı vəziyyətdə idi. Pulumuz yox idi, xəzinə boş idi, iqtisadiyyat iflic vəziyyətinə düşmüşdü. Belə olan halda Heydər Əliyevin neft strategiyasının nə dərəcədə əhəmiyyətli olması bir daha gözümüzün qarşısında canlanır. Çünki o vaxt “Əsrin kontraktı"nın imzalanması ilə vəziyyət tamamilə dəyişdi və Azərbaycan böyük həcmdə xarici sərmayəni cəlb edə bilmişdi".
Azərbaycan Prezidenti vurğulayıb ki, 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” tarixi layihədir: "Əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə investisiyalar qoyulmazdı. “Şahdəniz” yatağına heç bir sərmayə qoyulmazdı. Əgər neft-qaz kəmərləri tikilməsəydi, bu gün “Cənub Qaz Dəhlizi” icra edilə bilməzdi. Nəqliyyat layihələrinə, bu gün reallaşan Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi layihəsinə heç kim vəsait qoymazdı. Özü də nəzərə alsaq ki, Azərbaycan bu layihəyə 1 milyard dollara yaxın vəsait qoyub. Bizim pulumuz olmasaydı, əlbəttə ki, heç kim bu layihəyə vəsait qoymazdı. Ona görə də “Əsrin kontraktı”nın Azərbaycan dövlətinin inkişafında müstəsna yeri var.
Bu kontraktın uğurla icra edilməsi bizə imkan verdi ki, biz neftdən əldə edilən vəsaiti insan kapitalına, qeyri-neft sektoruna, infrastruktur layihələrinə yönəldək və ölkəmizi inkişaf etdirək. Bugünkü Azərbaycan, bizim bölgələrimiz, çiçəklənən şəhərlərimiz və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri gördüyümüz işlərin bariz nümunəsidir. Görülən işlər göz qabağındadır. Biz bütün bu işləri düşünülmüş siyasət nəticəsində görə bildik. Əlbəttə ki, iqtisadi potensialımızı gücləndirərək ölkəmizi böyük dərəcədə irəli apara bilmişik".
Dövlətimizin başçısı “Azəri-Çıraq-Günəşli” üzrə müqavilənin müddətinin uzadılmasına da toxunub: “Ümid edirəm ki, yaxın gələcəkdə xarici investorlarla bu layihənin uzadılması haqqında razılığa gələcəyik. Çünki “Azəri-Çıraq-Günəşli” yatağının çox böyük potensialı var, hələ hasil edilməmiş neft kifayət qədər çoxdur. Ona görə də biz uzunmüddətli, dayanıqlı hasilat səviyyəsini saxlamaq üçün indi xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik".
Prezident bildirib ki, Azərbaycana qoyulan sərmayə Azərbaycanda şəffaf şəkildə saxlanılır, qorunur: "Dövlət Neft Fondunun xətti ilə ölkəmiz üçün ən önəmli layihələrin icrası nəzərdə tutulur. Onlardan birincisi məcburi köçkünlərin problemlərinin həllidir. Son illər ərzində məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə salınıb - məhz Neft Fondunun vəsaiti hesabına. Bu vəsait də əlbəttə ki, neft əməliyyatlarının gəlirlərindən formalaşır. Bu gün biz demək olar ki, dünyada müasir, dinamik inkişaf edən ölkə kimi özümüzü təqdim edə bilmişik".
İlham Əliyev əlavə edib: "Sərginin əhəmiyyətindən danışarkən “Şahdəniz” layihəsini mütləq qeyd etməliyik. Çünki bəlkə çoxları unudub, “Şahdəniz” layihəsi üzrə kontrakt 1996-cı ildə məhz Neft-Qaz sərgisi zamanı imzalanıb. O vaxt Azərbaycan ancaq neft ölkəsi kimi tanınırdı. “Şahdəniz” layihəsinin icrası Azərbaycanı həm neft, həm qaz hasil edən, ixrac edən ölkəyə çeviribdir. Bu gün “Şahdəniz” layihəsi olmadan regional əməkdaşlığı təsəvvür edə bilmirik. Çünki “Şahdəniz” layihəsi məhz enerji təhlükəsizliyi məsələlərini həll edən layihədir. Bu gün enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizlik məsələləridir. Hər şey enerjidən asılıdır. Təbii qaz ən ucuz - əlbəttə, əgər bərpa olunan enerjiləri nəzərə almasaq - ekoloji cəhətdən ən təmiz enerji mənbəyidir. İnkişaf etmiş ölkələrin iqtisadi inkişafı da enerji mənbələri ilə bilavasitə əlaqəlidir. Xoşbəxtlikdən Azərbaycanın həm neft, həm də qaz ehtiyatları kifayət qədər böyükdür. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Beləliklə, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edərək dost, tərəfdaş ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində də öz rolunu oynayır. “Şahdəniz” yatağının işlənməsi artıq neçə ildir ki, davam etdirilir.
Biz, eyni zamanda, bu illər ərzində çoxşaxəli neft-qaz nəqliyyatı şəbəkəsini yarada bilmişik. Onların içində əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri xüsusi yer tutur. Bakı-Tbilisi-Ərzurum qaz kəməri artıq 10 ildir istismardadır. Bütün bunlar tarixi layihələrdir. Əgər bunlar olmasaydı, bu layihələrə sərmayə qoyulmasaydı, biz heç bir yerə öz enerji resurslarımızı ixrac edə bilməzdik. Çünki biz qapalı bir ərazidə yaşayırıq, okeanlara, açıq dənizlərə çıxışımız yoxdur. Belə olan halda neft-qaz kəmərləri bizim enerji resurslarımızı xarici bazarlara çıxarır. Və burada təkcə iqtisadi tərəf kifayət etməz, burada mütləq regional əməkdaşlıq olmalıdır. Biz bu əməkdaşlığı tərəfdaşlarla birlikdə yaratmışıq və möhkəmləndiririk".
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın neft-qaz layihələri, eyni zamanda, regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır: "Çünki bu layihələrdə on minlərlə insan işləyib. Bu gün bizimlə bərabər bu layihələri icra edən ölkələrdə bu sahədə inkişaf sürətlənir. Əlbəttə ki, ölkələr arasındakı münasibətlərə də bunun çox müsbət təsiri var".
Prezident İlham Əliyev vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri böyük sərvətimizdir: “Şahdəniz” layihəsinin ikinci fazasının işlənməsi də uğurla davam etdirilir. Bildiyiniz kimi, bu gün biz “Cənub Qaz Dəhlizi”nin icrası ilə məşğuluq və bu, dünya miqyasında unikal bir layihədir, Avropa məkanında infrastruktur layihələri arasında birincidir. Bu layihəyə 40 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Onun böyük hissəsi artıq qoyulubdur. “Cənub Qaz Dəhlizi”nin 4 seqmentində işlər uğurla gedir. Mən bu yaxınlarda bu rəqəmləri səsləndirdim və bir daha səsləndirmək istəyirəm ki, sərgi iştirakçıları da bunu bilsin.
“Şahdəniz-2” layihəsinin icrası 93 faiz səviyyəsindədir. Biz bu yaxınlarda “Şahdəniz” platformasının üst hissəsini də dənizə yola salacağıq. Cənubi Qafqaz kəmərinin icrası 85 faiz səviyyəsindədir. Bu kəmər Azərbaycanı Gürcüstanla birləşdirir. TANAP layihəsi, hansı ki, 2012-ci ildə müqavilə bağlanmışdır və uğurla icra edilir. TANAP layihəsinin icrası 72 faiz səviyyəsindədir və biz gözləyirik ki, gələn il TANAP layihəsinin istifadəyə verilməsini qeyd edək. Və 4-cü layihə TAP layihəsidir ki, orada da icra səviyyəsi 42 faizdir. Yəni bu rəqəmlər özlüyündə bir göstəricidir. Göstərir ki, bütün işlər plan üzrə gedir və biz “Cənub Qaz Dəhlizi” layihəsinin icrasına, tamamlanmasına yaxınlaşırıq".
İlham Əliyev xatırladıb ki, bu il “Cənub Qaz Dəhlizi”nin 3-cü Məşvərət Şurası Bakıda keçirildi və qəbul edilmiş qətnamə bir daha göstərdi ki, Azərbaycan bu layihənin lideridir: "Məşvərət Şurasında bu layihədə iştirak edən 7 ölkənin yüksək vəzifəli nümayəndələri - bizim potensial tərəfdaşlar, Balkan ölkələrinin nümayəndələri, Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın yüksək vəzifəli nümayəndələri, Avropa Komissiyasının vitse-prezidenti iştirak etmişdilər. Yəni bu böyük bir toplantı idi və toplantının nəticəsində qəbul edilmiş qətnamə Azərbaycanın bu sahədə liderlik rolunu qeyd etmişdir. Onu da qeyd etməliyəm ki, “Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının toplantıları Azərbaycanın təşəbbüsü ilə artıq üçüncü dəfədir keçirilir və bu toplantıların çox böyük əhəmiyyəti var. Çünki bu görüşlərdə bütün görülmüş işlər təhlil edilir və ən önəmlisi ondan ibarətdir ki, biz gələcək fəaliyyət üçün birgə proqram tuturuq və icra edirik. Əminəm ki, gələn ilin əvvəlində keçiriləcək 4-cü Şuranın iclasında artıq yeni uğurlar haqqında danışacağıq.
Qeyd etdiyim kimi, enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir və Azərbaycan bu sahədə həm bölgədə, həm Avropada önəmli rol oynayır. Enerji şaxələndirilməsi istiqamətində atdığımız addımlar öz bəhrəsini verir ki, bu da çox önəmlidir. Azərbaycanın icra etdiyi layihələr, onların üstünlüyü ondan ibarətdir ki, bizdə həm marşrutlar çoxşaxəlidir, həm də mənbələr. Çünki bu gün bizim üçün əsas bazar Avropa bazarıdır və Avropa üçün də yeni mənbələr böyük əhəmiyyət daşıyır. Əlbəttə, marşrutlar da önəmlidir. Ancaq əsas enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur".
Prezident vurğulayıb ki, Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır: "Çünki qalan mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Yeganə yeni mənbə Azərbaycandır, böyük mənbədir və yaxında yerləşən mənbədir. Ən önəmlisi, Azərbaycan dövlətinin güclü siyasi iradəsi var, maliyyə resursları var ki, "Cənub Qaz Dəhlizi"ni tərəfdaşlarla birlikdə icra etsin. Onu da qeyd etməliyəm ki, əgər Azərbaycan dövləti bu 4 layihənin icrasına sərmayə qoymasaydı, əminəm ki, heç bir investor sərmayə qoymazdı. Çünki Azərbaycan qazını Avropaya çıxarmaq üçün müxtəlif layihələr azı 10 ildir ki müzakirə mövzusu idi. Bu müzakirələrin heç bir nəticəsi ona görə olmamışdır ki, vəsait qoymaq üçün heç kim ilk addımı atmırdı. Hamı gözləyirdi ki, kimsə bu addımı atacaq. Biz görəndə ki, bu müzakirələr ildən-ilə heç bir nəticəyə gətirib çıxarmır, o vaxt, yəni 2012-ci ildə Türkiyə tərəfi ilə TANAP layihəsinə imza atdıq. Ondan sonra “Şahdəniz-2” layihəsinə start verildi, daha sonra TAP layihəsi seçildi və artıq biz işə başlamışıq. Azərbaycan burada həm siyasi iradə göstərir, həm də iqtisadi töhfə, maliyyə töhfəsi verir ki, "Cənub Qaz Dəhlizi" layihəsi icra edilsin. Bu layihə bizim üçün tarixi əhəmiyyət daşıyır. Çünki "Cənub Qaz Dəhlizi" bizim uzunmüddətli inkişafımızı gücləndirəcək, bizə əlavə böyük mənfəət gətirəcək".
Dövlət başçısı bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin icrası artıq yeni layihələrə də start verir:
"Hazırda növbədə böyük “Abşeron” layihəsinin işə başlamasıdır. Əslində işlər başlamışdır və biz 350 milyard kubmetr qaz ehtiyatları olan “Abşeron” layihəsindən 2-3 ildən sonra ilk qazı gözləyirik. Eyni zamanda, paralel olaraq “Ümid”, “Babək” və dayaz sulu layihələri də icra edilir və bu layihələrin də fəaliyyətə başlaması, yəni hasilatın başlaması yaxın illərdə gözlənilir. Yəni biz öz neft-qaz potensialımızı gücləndiririk. Biz daha da böyük həcmdə təbii qazı, nefti ixrac etməyi planlaşdırırıq. Bununla paralel olaraq, biz bu gün tranzit ölkə kimi önəmli tərəfdaşa çevrilmişik və Xəzərin şərq hissəsindən neft və neft məhsulları Azərbaycan üzərindən dünya bazarlarına çıxarılır. Bizim rolumuz artır, nəqliyyat infrastrukturumuz genişlənir, eləcə də Xəzər gəmiçiliyi, Bakı limanı, dəmir yolu, terminallar - hər şey hazırdır, biz hər şeyi eləmişik. Və əminəm ki, bundan sonra neft-qaz sahəsində layihələr Azərbaycana daha da böyük xeyir gətirəcək, həm iqtisadi mənfəət, həm də bizim bölgədəki, dünyadakı rolumuz artacaq. Bütün bu işləri biz ona görə edirik ki, ölkəmiz daha da güclü olsun, mövqeləri daha da möhkəm olsun, dünyada daha da böyük nüfuza malik olaq və ən önəmlisi, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Ona görə də biz neftdən əldə edilmiş gəlirləri digər sektorlara sərmayə kimi yatırırıq və bunun gözəl nəticələrini görürük. Bu ilin 4 ayında Azərbaycan ixracı 41 faiz artmışdır, o cümlədən qeyri-neft ixracımız 22 faiz artmışdır, kənd təsərrüfatı ixracımız isə 44 faiz artmışdır. Bizim zəngin neft-qaz yataqlarımız bundan sonra uzun illər ölkəmizin inkişafını təmin edəcək və Azərbaycan çoxşaxəli şəkildə bundan sonra da inkişaf edəcək.
Mən bir daha bütün qonaqları salamlayıram, sərgi və konfransa uğular azrulayıram. Sağ olun!”

Təhsil-press.az

Oxşar xəbərlər