Elmar Məmmədyarov Kolumbiya parlamentinin üzvləri ilə görüşüb

Elmar Məmmədyarov Kolumbiya parlamentinin üzvləri ilə görüşüb Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya rəsmi səfəri çərçivəsində ölkə Senatının birinci vitse-prezidenti xanım Daira de Xesus Qalvis Mendeslə görüşüb.
Görüşdə Kolumbiya Senatında Kolumbiya-Azərbaycan dostluq qrupunun sədri Senator Teresita Garsia Romero və qrupun digər üzvləri iştirak ediblər.
E.Məmmədyarov parlament diplomatiyasının Azərbaycan-Kolumbiya münasibətlərinin inkişafında xüsusi rola malik olduğunu bildirib. Nazir Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Kolumbiya Senatının davamlı olaraq beynəlxalq hüquqa, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib.
Senatorlar 29-30 sentyabr 2016-cı il tarixlərində ölkəmizdə keçirilmiş V Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycanda səfərdə olduqlarını, xarici işlər naziri və Milli Məclisin üzvləri ilə görüşlərini məmnuniyyətlə xatırlayıblar. Həmçinin, dost Azərbaycan xalqının yanında olduqlarını və gələcəkdə də iki ölkə arasında dostluq münasibətlərinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini diqqətə çatdırıblar.
E.Məmmədyarov həmçinin, uzun müddətdir ölkədə davam edən münaqişənin sülh yolu ilə nizamlanması münasibətilə Kolumbiya xalqını təbrik edib və əldə edilmiş sülh razılaşmasının ölkənin davamlı inkişafı üçün çoxsaylı imkanlar yaradacağına ümid etdiyini qeyd edib.
Görüş əsnasında Kolumbiya Senatının vitse-prezidenti, xarici əlaqələr və milli müdafiə komissiyasının prezidenti, eləcə də senatorlar tərəfindən imzalanaraq qəbul edilmiş Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə E.Məmmədyarova təqdim edilib.
Bu xüsusda, E.Məmmədyarov Kolumbiya Senatının II konstitusional daimi komitəsində “Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi” adlı qətnamənin, həmçinin Senatın Xarici Əlaqələr Komissiyası tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənədin qəbul edilməsinin yüksək qiymətləndirildiyini qeyd edib.
E.Məmmədyarov Kolumbiyaya rəsmi səfəri çərçivəsində ölkə prezidenti Xuan Manuel Santos Kalderon, xarici işlər naziri xanım Maria Anxela Olgin, biznes dairələri ilə məhsuldar görüşlər keçirdiyini və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təhsil-press.az

Oxşar xəbərlər