İşə qəbul üzrə 1347 nəfər elektron qeydiyyatdan keçib

İşə qəbul üzrə 1347 nəfər elektron qeydiyyatdan keçib Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində direktorun təlim-tərbiyə işləri üzrə müavini, tərbiyə işləri üzrə müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb.
Qeyd edilən vəzifələr üzrə işə qəbul olunmaq istəyən 1347 şəxs http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərdən təxminən 700-nün elektron ərizədəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsində iştirakı mümkün hesab edilib. Müvafiq vəzifələr üzrə qoyulan tələblərə uyğun gəlmədiyindən 600-dək müraciətə imtina verilib.
Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə də yaxın vaxtlarda elan ediləcək.

BŞTİ-nin Mətbuat xidməti


Oxşar xəbərlər