Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır “Məktəb psixoloqlarının praktik biliklərinin artırılması və tətbiqi istiqamətində maarifləndirmə işinin təşkili” layihəsinin hazırlıq mərhələsi başa çatmaq üzrədir. Layihə təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant musabiqəsinin qalibi olub.
Layihənin əsas məqsədi region psixoloqlarının praktik bacarıqların artırılmasına dəstək olmaqdır. Artıq seminarların keçiriləcəyi regionlar müəyyən edilib, aidiyyəti qurumlarla əməkdaşlıq yaradılıb.
İlk növbədə, layihənin İsmayıllı, Ucar və Yevlax rayonlarında 25 psixoloqun iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulub. Seminarların ilk iki günü iştirakçılara müxtəlif yaş dövrlərində uşaqlarda rast gəlinən davranış pozuntuları, nitq qüsurları və inkişaf ləngimələri haqqında və belə şagirdlərlə məktəb şəraitində işləmək qaydaları ilə bağlı nəzəri məlumat veriləcək. Seminarın üçüncü günü isə əyani olaraq psixoloji inkişaf ləngiməsi yaşayan şagirdlərlə (valideynlərin iştirakı ilə) görüş təşkil ediləcək. Valideynlərə ev şəraitində uşaqla necə işləməklə bağlı məsləhət veriləcək. Sonda hər bir iştirakçıya sertifikat veriləcək.
İlk seminarın noyabrın birinci həftəsində keçirilməsi planlaşdırılıb. Layihənin rəhbəri 38 saylı tam orta məktəbin psixoloqu Jalə Məmmədovadır.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumtəhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan olunub. Müsabiqə çərçivəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.

Tehsil-press.az


Oxşar xəbərlər