Bakı məktəbliləri iki həftə ərzində bölgələrdə təhsil alacaqlar

Bakı məktəbliləri iki həftə ərzində bölgələrdə təhsil alacaqlar Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olmuş “Qonaq-şagird” layihəsinin seçim turları başa çatıb.
Təhsil İnstitutundan Tehsil-press.az-a bildirilib ki, seçim turlarında Bakı şəhəri 299 nömrəli məktəb-lisey, Beyləqan rayonu Namiq Abdullayev adına 1 nömrəli tam orta məktəb və Goranboy rayonu Qızılhacılı qəsəbəsi Mahir Dosiyev adına 2 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Hazırda şagirdlərin məktəblərini dəyişmələri üçün hazırlıq işlər gedir.
Noyabrın 1-də Bakıdan bölgə məktəblərinə yola düşəcək şagirdlər və onların valideynləri üçün 299 nömrəli məktəb-liseydə təlim keçiriləcək. Təlimdə QHT nümayəndələrinin də iştirakı nəzərdə tutulub.
Layihənin əsas məqsədi bölgə və şəhər məktəbləri arasında əlaqələri genişləndirmək, təcrübə mübadiləsi aparmaqla qarşılıqlı əməkdaşlıq əsasında təhsilin keyfiyyətini daha da artırmaq, hansı məktəbdə təhsil almasından asılı olmayaraq, hər bir şagirdin bərabər təhsil mühiti ilə təmin edilməsinə şərait yaratmaqdır. Bu məqsədlə layihə çərçivəsində bir neçə məktəb arasında iki həftə müddətində şagird mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində 8 şagird bölgələrdən Bakı məktəblərinə, 8 şagird isə paytaxtdan bölgə məktəblərinə mübadilə olunaraq iki həftə orada təhsilini davam etdirəcək. Bu müddətdə layihə iştirakçıları olan şagirdlər və onların müəllimləri arasında aparılan rəy-sorğular eyni şagirdlərə fərqli müəllimlərin, eyni məktəblərə isə fərqli şagirdlərin gözü ilə baxmağa imkan yaradacaq. İki həftəlik təhsil müddətinin sonunda hər üç məktəbin pedaqoji kollektivlərinin nümayəndələri “dəyirmi stol”da problemləri müzakirə edəcəklər. Şagirdlərin təəssüratlarını əks etdirən jurnal nəşr olunacaq.
Nuriyyə Verdiyevanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Təhsil Nazirliyi tərəfindən dövlət ümumtəhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan olunub. Müsabiqə çərçivəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.

Tehsil-press.az


Oxşar xəbərlər