Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları və universitetin tələbələri Çin Yeni ili – Çinin ay-günəş təqvimində ən uzun və ən vacib bayram olan Bahar Festivalı ilə əlaqədar keçirilən bayram şənliyində iştirak ediblər. Azərbaycandakı Çin diasporu nümayəndələrinin “Böyük Çin səddi” Çin kulinariya mərkəzində təşkil etdikləri bayramda ADU-nun nümayəndələri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Eyni zamanda, konsert proqramında ənənəvi və populyar müasir Çin mahnı və rəqslərinin ifası, milli alətlərdə xalq musiqisi, “tay ji chuan” gimnastikası və Çin xəttatlıq üslubunun əsas elementlərinin nümayişi, Çin ənənəvi xalq oyunlarının və şən müsabiqələrinin keçirilməsi, Çin və Azərbaycan mədəniyyətinin elementlərini birləşdirən art-instalyasiyasının təqdimatı olub. Bayram gecəsi çərçivəsində qastronomik festival keçirilib və ənənəvi Çin Yeni il şam yeməyinin hazırlanması üçün ördək, toyuq, balıq, həmçinin “tzyaotzi” köftələri və “nyanqao” düyü çərəzləri daxil olmaqla master-klass təşkil edilib və çay mərasimində qonaqlara “tanhua” karamel nümunələri, Çin xalq sənətinin və əl sənətlərinin növlərindən biri olan duzlu xəmir fiqurları verilib.
Qeyd edək ki, tədbir iştirakçılarına birliyin və ailənin harmoniyasını simvollaşdıran obyektlərdən simvolik hədiyyələr və maliyyə rifahının simvolları olan mandarinlər hədiyyə edilib. Daha sonra Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov bildirib ki, Azərbaycan ictimaiyyətini əsrlər boyu tarix və zəngin mədəniyyət məzmununa malik Çin bayramları, Çinin nadir ruhani mədəniyyəti ilə tanış etmək, Böyük İpək Yolu ilə əlaqəli Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluq əlaqələrinin gücləndirilməsi ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun fəaliyyətinin mühüm bir hissəsidir.

ADU-nun Mətbuat Xidməti