Azərbaycanla Misir arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb

Azərbaycanla Misir arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb Qahirə şəhərində Azərbaycanla Misir arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib.
İclasda Müştərək Komissiyada həmsədrlər – Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin və Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri xanım Sahar Nasrin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət nümayəndə heyətləri iştirak edib.
Komissiyanın iclasında Azərbaycan ilə Misir arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsi, ticarət, sənaye, investisiya, rabitə və informasiya texnologiyaları, enerji, turizm, kənd təsərrüfatı, suvarma, ətraf mühit, təhsil, səhiyyə və əczaçılıq, gənclər və idman sahələrində əməkdaşlıq məsələləri, əlaqələrin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb.
Ş.Mustafayev qeyd edib ki, ölkələrimiz arasında 27 il əvvəl qurulmuş əlaqələr mehriban dostluq və qarşılıqlı maraq prinsipləri əsasında inkişaf edir. Azərbaycan-Misir əməkdaşlığının genişlənməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Misirə səfərləri mühüm əhəmiyyət kəsb edir.
Ş.Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Misir tərəfinə təşəkkür edib, Misirin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqələndirmə Qrupuna qoşulmasının bu qurumun fəaliyyətinə əhəmiyyətli töhfə verəcəyini qeyd edib.
Diqqətə çatdırılıb ki, indiyədək ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində 14 Misir investisiyalı şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və 2017-ci ildə Misirdən Azərbaycana gələn turistlərin sayı 50% artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. 2008-ci ildə Qəlubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda Ümummilli Lider Heydər Əliyevin abidəsinin və “Azərbaycan” küçəsinin açılışı olub. Abşeron rayonu ilə Qəlubiyyə vilayəti arasında əməkdaşlıq, Cənubi Sinay vilayəti və Qəbələ rayonu arasında 2015-ci ildə dostluq sazişinin imzalanması digər regionlar arasında da əməkdaşlıq üçün nümunə ola bilər.
İclasda nazir Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin iştirakı ilə həyata keçirilən beynəlxalq layihələr - Bakı-Tbilisi- Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Transxəzər marşrutu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, həmçinin biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində ölkəmizdə görülən işlər barədə də məlumat verib.
Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri, Müştərək Komissiyanın həmsədri xanım Sahar Nasr Azərbaycan nümayəndə heyətinin Misirə səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Sahar Nasr əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də Misir iqtisadiyyatı barədə də məlumat verib.
İclas çərçivəsində Süveyş Kanalı İqtisadi Zonasına, Misirin və Azərbaycanın investisiya mühitinə dair təqdimatlar keçirilib, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Misirin İxracın İnkişafı Qurumu (EDA) arasında, AZPROMO ilə Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında anlaşma memorandumları imzalanıb.
Tədbirin sonunda Azərbaycanla Misir arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri Sahar Nasr imzalayıb. Sənəd ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, maliyyə xidmətləri, kommunikasiya və informasiya texnologiyaları, enerji, mədəniyyət və turizm, kənd təsərrüfatı, suvarma, idman və gənclər, elm və təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığı əhatə edir.

Azərbaycanla Misir arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb

Azərbaycanla Misir arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb

Tehsil-press.az

Oxşar xəbərlər