Məktəblilər arasında mühəndislik və robototexnika yarışı təşkil olunacaq

Məktəblilər arasında mühəndislik və robototexnika yarışı təşkil olunacaq Təhsil Nazirliyi, “ADA” Universiteti və “Mars Academy” MMC-nin birgə təşkilatçılığı ilə mayın 12-də məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı keçiriləcək.
“LEGO” şirkəti və “FIRST” təşkilatının ortaq layihəsi olan FLL 1999-cu ildən bəri hər il ABŞ-da təşkil olunan bir yarışdır. Yarışın məqsədi ümumtəhsil məktəblərinin şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq, onları hazırkı qlobal problemlərin elmi-texniki həllinə töhfələr verməyə həvəsləndirməkdir.
Hər il dünyanın 88 ölkəsində yarım milyon məktəblinin cəlb olunması ilə keçirilən FLL bu il Azərbaycanda da təşkil olunacaq. Builki yarışın mövzusu “Hidrodinamika”dır. FLL çərçivəsində dörd məktəblidən ibarət olan 12 komanda əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı olmaqla dörd kateqoriya üzrə gücünü sınayacaq.
İştirakçılar medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunacaqlar. Yarışın mütləq qalibi olmuş komanda cari ilin iyun ayında Estoniyanın paytaxtı Tallinndə təşkil olunan FLL yeniyetmələr üçün beynəlxalq açıq çempionatında iştirak edəcək.
MDB məkanında FLL formatında ilk müsabiqə 2005-ci ilin martın 12-də Azərbaycanda “Robotlar missiyası” layihəsi çərçivəsində keçirilib. 2005-2006-cı illərdə 3 milli robot yarışı təşkil olunub və azərbaycanlı məktəblilər iki dəfə britaniyalı komanda yoldaşları ilə birgə Birləşmiş Krallığın FLL finalında iştirak ediblər.
“FLL Azərbaycan” haqqında daha ətraflı məlumat almaq və qeydiyyat üçün http://www.fllazerbaijan.org/ internet səhifəsinə müraciət etmək lazımdır.

Tehsil-press.az

Oxşar xəbərlər