Prezidentliyə namizədlər çıxış etdilər - Yenilənib

Prezidentliyə namizədlər çıxış etdilər - Yenilənib Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində namizəd olan 8 siyasətçinin bu gün saat 22:00-da İTV-də ilk debatı olacaq.​
Bu gün Mərkəzi Seçki Komissiyasında keçirilmiş püşkatmanın nəticələrinə əsasən, çıxışlar aşağıdakı ardıcıllıqla müəyyən olunub.
1. Zahid Oruc
2. Araz Əlizadə
3. Qüdrət Həsənquliyev
4. İlham Əliyev
5. Razi Nurullayev
6. Sərdar Cəlaloğlu
7. Fərəc Quliyev
8. Hafiz Hacıyev
Qeyd edək ki, hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə debat təşkil olunacaq, həftədə 3 saat isə İctimai radioda debatlar keçiriləcək və saat 19:00-da başlayacaq.
***
Zahid Oruc: “Ölkədə siyasi qüvvələr arasında münasibətlər uzun illərdir ki, siyasi düşmənçilik üzərində qurulub. Biz bu məsələni həll etməliyik. Bu mənada buradan Lalə Şövkət, İsa Qəmbər və Etibar Məmmədova çağırış edirəm. Qoy onlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib sübut etsinlər ki, dövlət quran kişilərə hörmət edirlər”.
***
Qüdrət Həsənquliyev: “Azərbaycanda hökumət üzərində ciddi müxalifət nəzarəti yoxdur”.
***
Prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov: “Ölkədə aparılan tədbirlər sahəsində 1,9 milyon iş yeri açılıb və iş tələb edən 1,5 milyon yeni insan yaranıb. Digər sahələrdə də böyük qurucluq işləri görülüb”.
***
Razi Nurullayev: “Azərbaycanda yeni söyüş və təhqir ənənəsi yaranıb. Biz bu təzahürlərə qarşı birləşib mübarizə aparmalıyıq. Mən buradan Vidadi İsgəndərliyə səslənirəm. O, ritorikasını dəyişsin. Çünki Azərbaycanda bu cür təhqir dolu danışıqlar vətəndaş müharibəsinə gətirib çıxarır”.
***
Sərdar Cəlaloğlu: “Azərbaycan dünyada vətəndaşları öz ölkəsindən gedən dövlətlər arasında onluqdadır.
MSK rəhbəri, nazirlər, icra başçıları 30 ildir ki, öz postlarındadırlar. Bu məqamda ölkədə hansı dəyişiklikdən danışmaq olar? Nazirlər Kabineti cavab verməlidir. Özəlləşdirilmiş müəssisələrin başına nə gətirilib? Bunların hamısı şumlanıb. Onların yerində otellər, restoranlar tikilib. Bu dövlətə qarşı sabotajdır. Burdan Baş Prokurorluğa səslənirəm, bu məsələni araşdırsınlar. Prezident də bu məsələni nəzarətə götürsün”.
***
Fərəc Quliyev: “Seçkidə insanlar normal şəkildə iştirak etsinlər, çağırışlara fikir verməsinlər. Bu, bələdiyyə, parlament və prezident seçkilərinə aiddir. Taleyiniz öz əlinizdədir. Biz öz keçmişimizlə burdayıq.
Biz neftə üstünlük verən siyasət yürütməliyik. Strateji Yol Xəritəsini həyata keçirməklə problemlərdən xilas ola bilərik.
Azərbaycan 7 milyard 650 milyon dollar kredit istifadə edib. Azərbaycanın xarici dövlət borcunun 53 faizi 10 ilə qədər ödənməlidir. Bu isə o deməkdir ki, hər bir azərbaycanlı 713 dollar borca düşüb”.
***
Hafiz Hacıyev: “Azərbaycanda hakimiyyətin daxilində öyrədilmiş bir qrup insanlar Avropanın küçələrinə səpişiblər. Axşamacan bizi təhqir edirlər. Kimi təhqir edirlər?! Ölkənin birinci şəxsini, Hafiz Hacıyevi... Ay orda oturub danışan qardaşlar, sizin malınızı yeyənlər qalıb qıraqda, mənim adımı hallandırırsınız. Görün üçüncü bir şəxsin adı çəkilirmi? Niyə çəkilmir? Ölkədə bəyəm bir nəfərdir?! Yox. Azərbaycan hökumətinin daxilində oturub mənəvi cəhətdən satqın insanlardır. O, xaricdə, Avropada oturub biz iki nəfərin şəklini yapışdıran insanları Azərbaycan hakimiyyətinin daxilində oturanların balaları maliyyələşdirir. Kleyi onlar alıb verir...Bu məsələlər araşdırılmalıdır. Respublika Prokurorluğu hara baxır?”.
***
Araz Əlizadə: “Azərbaycanda alverçilər var. Özlərinə biznesmen, iş adamı deyirlər. Onlar heç tacir də deyillər. Çünki tacir ticarətlə məşğul olanda çalışır ki, onun tərəf müqabili, yəni alıcı yaxşı dolansın və yenə gəlib alsın. Bizim tacirlər elə düşünürlər ki, bu qoyundur, bunu tamamilə qırxmalı, sonra əlinə ülgüc alıb təmizləməli və buraxmalıdır. Anlamır ki, müştərinin pulu olmayanda onun da gəlirləri azalır.
Bizdə üçüncü dərəcəli əlillər 55 manat, ikinci dərəcəli əlillər 77 manat, birinci dərəcəli əlillər 110 manat alırlar. Özünü müxalifət adlandıranlar nə qədər alırlar? Hər ay banklardan milyonlar çıxarırlar. Onlar bir manat xərcləyirlər bu əlillərə? Xərcləmirlər”.

Tehsil-press.az

Oxşar xəbərlər