Rusiyanı Ermənistana hərtərəfli müdaxilədən durduran nədir? - Qərb mətbuatı

Rusiyanı Ermənistana hərtərəfli müdaxilədən durduran nədir? - Qərb mətbuatı Ermənistan mövzusu Qərb mediasının gündəmindən düşmür. Amerikalı və avropalı təhlilçiləri əsl maraqlandıran Kremlin olub-bitənə heç olmadığı qədər səssiz reaksiya göstərməsidir.
Analitiklər bunu Moskvanın Ukrayna və Gürcüstan hadisələrindən özü üçün gərəkli dərs çıxarması və Ermənistanda hakimiyyətin dəyişməsindən asılı olmayaraq Ruisyanın burada həmişə dominant mövqedə qalcağına olan əminliyi ilə əlaqələndirirlər.
“Kasıb, dənizə çıxış olmayan və həmişə Moskvaya sıx bağlı qalan Ermənistan həm Rusiyanın, həm də Qərbin diqqət mərkəzindədir”, - The Washington Post-dan Emi Ferris Rotman yazır.
“Nə qədər səhv olursa, olsun, Ermənistanın Rusiyanın sadiq müttəfiqi olması barədə təsəvvürlər gerçəklikdən daha mühümdür. Bu Rusiyanın müdaxiləsindən qaçmağa və Kremlin özünü yeni hökumətin işini pozmaqdan saxlamasına imkan verir”, - İrəvanda fəaliyyət göstərən “Regional araşdırmalar mərkəzi”nin direktoru Riçard Kirakosyan müəllifə bildirib.
“The Washington Post”un digər yazarı, erməni əsilli jurnalist Devid İqnatius isə son 25 ildə Ermənistanın əsas siyasi dilemmasının qərbyönümlü siyasi görüşləri Rusiyadan olan hərbi asılılıqla hansı şəkildə əlaqələndirilməsindən ibarət olduğunu yazır. “Bu çıxılmaz vəziyyət keçmiş prezident Serj Sərkisyanın ətrafında ölkə sərvətlərini talayan Moskvapərəst oliqarxların toplanmasına gətirib çıxardı. SSRİ dağıldıqdan sonra korrupsiyalaşmış və avtoritar Ermənistan heç vaxt inkişaf edə bilmədi”, - müəllif yazır.
Müəllif Rusiya prezidenti Vladimir Putinin son hadisələrdə ehtiyatlı davrandığını düşünür:
“Rusiya prezidenti Vladimir Putin Ermənistanı bütövlükdə itirməkdənsə, Serj Sərkisyanın özünü qurban verməyi qərara aldı. Putin ikinci Ukraynanın təkrarlanmasından qaçmaq istəyir”.
İqnatiusun fikrincə, Rusiya və Ermənistan arasında uzunmüddətli dostluq və qardaşlıq münasibətlərinə görə İrəvandakı etirazlar Rusiyanın da müxalifət kəsimlərinə elektrik effekti verə bilər.
Qafqaz araşdırmaları mərkəzinin direktoru Aleksandr İsgəndəryan Fransanın “Liberation” qəzetinin xüsusi müxbiri Veronika Dormana verdiyi müsahibədə Rusiyanın hələ ki, hadisələri kənardan izləməyə üstünlük verdiyini söyləyib.
“Rusiya bilir ki, Ermənistan heç yana gedəsi deyil. Paşinyan da özü bunu hər yerdə israrla təkrar edir. Moskva isə gözləyir, çünki situasiyanın sırf daxili problemlərdən qaynaqlandığını başa düşür. Burada baş verənləri Ukrayna və Gürcüstandakı vəziyyətlə eyniləşdirmək olmaz. Çünki Ermənistanda sivilizasiya modelinin seçimi problemi qarşıya qoyulmayıb.
Ümumiyyətlə götürsək isə, Rusiya ya Ukraynadan yaxşıca dərs alıb, ya da Ermənistan onun üçün o qədər də əhəmiyyətli dövlət sayılmır”, - İsgəndəryan qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər