Rusiya müttəfiqini İsrailə niyə “SATDI?” – 9 may görüşünün SİRLƏRİ AÇILDI

Rusiya müttəfiqini İsrailə niyə “SATDI?” – 9 may görüşünün SİRLƏRİ AÇILDI İsrail və Rusiya Suriya məsələsində təmas nöqtələrini tapdılar. Bu, region üçün ciddi nəticələrə malik ola bilər. Təl-Əvivin hədəflərindən biri İranı Suriyadan tam sıxışdırmaqdır. Moskva, Tehranla ittifaqa baxmayaraq, Təl-Əvivlə yaxşı münasibətlər dəstəkləmək istəyir. Ona görə də bəzi vəziyyətlərdə İranın maraqlarını fəda etməyə hazırdır.
İsrailin “Kanal 10” televiziyasının məlumatına görə, İsrail ilə Rusiya Suriyanın cənub sərhədinə rejim qüvvələrinin nəzarət etməsi haqda razılığa gəliblər.
Razılaşmaya görə, İran, Hizbullah və ya hər hansı başqa birlik bundan sonra Suriya sərhədində mövqe tuta bilməyəcək. İranın Suriyanın cənub sərhədlərində güclənməsi Tehranın mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirəcəkdi. Bu isə, Moskvanın nə hərbi, nə də siyasi planlarına daxil idi.
Göründüyü kimi, İsrailin baş naziri Benyamin Netanyahunun bu yaxınlardakı Moskvaya səfəri çox məhsuldar keçib. O, mayın 9-da Vladimir Putinlə Moskvada keçirilən hərbi paradda iştirak etmiş azsaylı dünya liderlərindən biri idi. Və bu, dialoqa hazırlığın güclü siqnalı idi. Təəccüblü deyil ki, növbəti gün yaxşı niyyətin jesti olaraq Moskva Suriyaya “S-300” zenit-raket komplekslərini çatdırmaq ideyasından imtina etdi.
Netanyahu danışıqlarından sonra bir sıra bəyanatlar verdi. Baş nazir əvvəlcə vurğuladı ki, Rusiya Suriyada İsrailin hərəkətlərinə mane olmayacaq. Bir az sonra isə anlatmağa çalışdı ki, həmçinin Rusiya da İran güclərinin bu ölkədə olmasını istəmir.
Bundan sonra isə Moskvanın verdiyi bəyanatlar təsadüfi deyildi. Mayın 17-də Vladimir Putin Soçidə Bəşər Əsədlə görüşdü. Putin görüşdən sonra xarici qüvvələrin Suriyadan çıxarılmalı olduğunu bildirdi.
“Suriya ordusunun terrorizmlə mübarizədə ardıcıl qələbələr qazandığını və siyasi proseslərin daha aktiv fazaya keçdiyini nəzərə alsaq, xarici hərbi qüvvələrin Suriyadan çıxarılmasının vacibliyini düşünürəm”, - deyə Kreml rəhbəri bəyan edib.
Vladimir Putinin ardınca analoji bəyanatı onun Suriya üzrə ali nümayəndəsi Aleksandr Lavrentyev səsləndirdi. O qeyd edib ki, ABŞ, Türkiyə və “Hizbullah” da daxil olmaqla, bütün xarici hərbi kontingent Suriyanı tərk etməlidir.
"Suriya torpaqlarında kontingenti olan bütün xarici hərbi qüvvələr geri çəkilməlidir. Bu xarici kontingent amerikalılar, türklər, Hizbullah və iranlılardan ibarətdir. Orada iki hərbi hissəmizdən başqa hər hansı bir qüvvəmiz yoxdur", - Lavrentyev vurğulayıb.
Tehranın bu bəyanatlara cavabı olduqca sərt oldu. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Kasım Bəhrami Rusiya prezidenti Vladimir Putinin Suriya lideri Bəşər Əsədlə son görüşündə səsləndirdiyi son bəyanatı şərh edərək bildirdi ki, heç kimin İranı nəyəsə məcbur etməsi mümkün deyil.
“İran lazım olduğu qədər və Suriya dövləti istədiyi müddətdə yardımlarına davam edəcək”, - o deyib.
Təl-Əvivdə hesab edirlər ki, İran Suriyada İsrailin əsas rəqiblərindən olan “Hizbullah”a minlərlə ton silah və döyüş sursatı, xüsusi halda raketlər çatdırır. Ona görə də Təl-Əviv Tehranı Suriyadan sıxışdırmaq və ya heç olmasa sərhədlərindən uzağa tullamaq niyyətindədir. Moskva da məhz İsrailin istədiyini onu təklif etdi: nisbətən təhlükəsiz sərhəd və İranın mövqelərinin zəifləməsi.
İsrailin və Rusiya arasında koordinasiya hər iki tərəf üçün əlverişlidir. Bu, Kreml üçün regionda ABŞ-ın təsirini məhdudlaşdırmaq, Suriyada öz mövqelərini möhkəmləndirmək və böyük hərəkət azadlığı almaq üsuludur.
Bundan başqa, Moskva üçün Ukrayna ilə bağlı proseslərdən Təl-Əvivi kifayət qədər uzaq saxlamaq son dərəcə əhəmiyyətlidir. İsrail Rusiyaya qarşı Qərbin sanksiyalarına prinsipial olaraq qoşulmayıb və son bəyanatlara əsasən, bunu etməyə hazırlaşmır. Və 2014-cü ildən sonra Təl-Əviv Ukraynaya silahın çatdırılmasını dayandırıb, hərçənd Moskva ilə münasibətlərin kəskinləşməsi zamanı İsrail bunun mümkünlüyünə işarə edirdi.

Tehsil-press.az

Oxşar xəbərlər