Övlad qayğısından məhrum olmuş ahılların ümid yerinə çevrilən ünvan – Bilgəh Pansionatı

Övlad qayğısından məhrum olmuş ahılların ümid yerinə çevrilən ünvan – Bilgəh Pansionatı Hər bir valideynin ən böyük arzusu övlad sahibi olmaq, onu boya-başa çatdırıb sevincli günlərini görməkdir. Səbirə ana da bu arzularla yaşayıb və övladlarını xoşbəxt böyütmək üçün əlindən gələni edib. Amma tale elə gətirib ki, yazdığı şeirində dediyi kimi, bu gün onun yalnız ümidi, pənahı Allahdır və bir də dövlətimiz.
Pansionatda ahıl insanların rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Buradakı sakitlik, göz oxşayan səliqə-sahman diqqəti ilk baxışda cəlb edir. Pansionatda yaşayan ahıllar müxtəlif səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün mütəmadi olaraq konsertlər, bayram şənlikləri təşkil olunur. Bir sözlə, burada yaradılan şərait dövlətin bu kateqoriyadan olan vətəndaşlara qayğısının təzahürüdür.
Səksən beş yaşlı Səbirə xanım hüquq təhsili alıb, vaxtilə bir çox dövlət müəssisələrində çalışıb, həyatda çətinliklər görsə də, hər zaman övladlarının, ailəsinin yanında olub. Ancaq, necə deyərlər, sən saydığını say... Tale elə gətirib ki, Səbirə ana ahıl çağında qocalar evinə üz tutmaq məcburiyyətində qalıb. Bilgəhdəki bu pansionatda onun kimi qocaların gözündə puç olmuş arzular və doğmalarının istiliyinə həsrət qalan baxışlar oxunur. Baxmayaraq ki, bu gün pansionatda onlar dövlətimiz tərəfindən isti yemək, geyim, dava-dərman – bir sözlə, həyat üçün vacib olan hər şeylə təmin olunublar, övlad vəfasızlığı onları qəlbən ağrıdır. Bu insanlar gəncliklərini, hətta bəzən sağlamlıqlarını belə fəda etdikləri övladlarından görmədikləri diqqət və qayğını məhz dövlətimizdən görürlər.
Qarabağdan olan Zəminə Cəbrayılova dövlətimizdən razılıq edir və torpaqlarımızın işğaldan tezliklə azad olunacağına inandığını deyir: “Mən 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün düşmüşəm. Peşəm müəllimədir. Məcburi köçkün düşdükdən sonra buraya gəldim. Burada çox yaxşı yaşayırıq. Sağ olsun dövlətimiz, bizə çox yaxşı baxırlar. İnanıram ki, torpaqlarımız da tezliklə işğaldan azad ediləcək”.
Həyatı, taleyi düz gətirməyənlərdən biri də Həbib Qənbərovdur. Həbib dayı nə qədər dərdli görünsə də, ondakı həyat eşqi də bir o qədər güclüdür. Ölkəmizdə və dünyada baş verən hazırkı proseslər barədə özünəməxsus fikirləri ilə diqqət çəkir. Əslən Şərurdan olan Həbib Qənbərovu ata-baba yurdunun işğal altında olan 11 min hektar ərazisinin düşməndən azad edilməsi çox sevindirib. Deyir ki, səhhəti normallaşan kimi, ömür vəfa etsə, gedib Günnüt kəndini ziyarət edəcək.
“Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Ordusu gündən-günə inkişaf edir. Ordumuz güclü texnikaya malikdir. Yadıma gəlir, Qarabağ döyüşləri gedən zaman mən də könüllülər arasında idim. O zaman döyüşməyə silah tapmırdıq, bu gün isə ordumuz ən müasir silahlarla təmin olunub. Bir neçə gün öncə televizordan hərbi paradı izlədim. Qürur hissi keçirməmək olmur. Dövlətimizin başçısının sayəsində ən müasir texnikalara sahibik. 2016-cı ilin Aprel döyüşləri, bu yaxınlarda Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağının Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən geri alınması ordumuzun gücünü göstərdi. Gün o gün olsun, Azərbaycan bayrağı Şuşada, Laçında dalğalansın”, – bu Həbib dayının ən böyük arzusudur.
Bilgəhdəki bu pansionat təkcə tənhalar evi deyil, həm də müxtəlif taleli insanların birləşdiyi, qovuşduğu, həmdərd olduğu bir məkandır. Burada hətta həyatı qaldığı yerdən davam etdirmək üçün özündə qüvvə tapan, ömrünə yeni rəng-hava qataraq ailə quranlar da var.
Pansionatda yaşayan ahılların hər birinə bütün zəruri şəraiti olan otaq ayrılıb. Onlar burada yaşamaqla yanaşı, sevdikləri işlərlə də məşğul olurlar. Müəssisənin sakinləri arasında yaradıcı insanlar, müxtəlif sənət sahibləri var: professor, müəllim, rəssam, həkim... Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın buradakı portretini pansionatın sakini olan rəssam Davud dayı çəkib.
Müharibə və əmək əlilləri üçün pansionatın direktoru Qətibə Əsədova deyir ki, hazırda müəssisədə 220 nəfər yaşayır. Onların hər biri fərqli özəlliyə və bacarığa malikdir. “Pansionatımız əsasən tənha - övladları, qohum-əqrəbası olmayan insanlar üçün nəzərdə tutulub. Ancaq elələri var ki, övladlarından soyuq münasibət gördüyü və getməyə yeri olmadığı üçün bura pənah gətirib. Dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva onlar üçün hər cür şərait yaradıb. Burada çoxlu ziyalılar da var. Onların əksəriyyəti sakit həyat və rahat güzəran üçün bura üz tutub. Biz də hər kəsə sevgi və hərarət bəxş etməyə çalışırıq. Pansionat sakinlərinin ən yaxın dostu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Leyla xanım onlarla ayda azı bir dəfə görüşür, səmimi söhbətlər edir, yaşlı nəslin nümayəndələrini gəzintiyə aparır, doğum günlərində onları yada salır”, - deyə müəssisənin rəhbəri, Əməkdar Müəllim Qətibə Əsədova bildirib.
Gündə üç dəfə isti və dadlı yeməklərlə təmin olunan pansionat sakinləri xidmət personalından razılıq edirlər. Onların istəkləri nəzərə alınır, müəssisənin özfəaliyyət kollektivi həftədə iki dəfə ahılları musiqi ilə feyziyab edir...
Azərbaycan dövləti tərəfindən yaşlı nəslə xüsusi diqqət və qayğı göstərilir. Dövlətimiz onların ən böyük himayəçisidir. Ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət və ənənəni Prezident İlham Əliyev hazırda yüksək səviyyədə davam etdirir. Bu sahədə Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ahılların ən böyük qayğıkeşidir. Mehriban xanımın təşəbbüsü ilə onların qayğı və problemləri öyrənilir, sağlamlıqları daim diqqətdə saxlanılır. Bütün bunların nəticəsidir ki, pansionatda həmsöhbət olduğumuz ahılların hamısı dövlətin onlara diqqətindən razılıqla danışdılar. Pansionatın sakinləri yaradılmış əlverişli şəraitə, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyevin Fondunun prezidenti Mehriban Əliyevaya dönə-dönə minnətdarlıq etdilər.

Tehsil-press.az

Oxşar xəbərlər