Deputat: Angela Merkelin Azərbaycana səfəri Aİ-Azərbaycan münasibətləri baxımından da olduqca mühüm idi

Deputat: Angela Merkelin Azərbaycana səfəri Aİ-Azərbaycan münasibətləri baxımından da olduqca mühüm idi Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri həm ikitərəfli münasibətlər baxımından, həm də Avropa İttifaqı-Azərbaycan münasibətləri baxımından olduqca mühüm səfər idi.
Bunu Təhsil-press.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, ekspertlər və mətbuat tərəfindən bu səfər daha çox siyasi səfər kimi şərh edilsə də, A.Merkelin Azərbaycana gəlişinin ciddi iqtisadi tərəfləri də var idi:
“Məhz bu məsələyə diqqət çəkən xanım Merkel də Azərbaycanın regionda Almaniyanın ən böyük, ən vacib ticarət tərəfdaşı olduğunu qeyd etdi. Hazırda ölkəmizdə 150 alman müəssisəsi fəaliyyət göstərir. Bu fakt onu deməyə əsas verir ki, Almaniya Azərbaycanla iqtisadi tərəfdaşlığa böyük əhəmiyyət verir, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsində yeni sərfəli iqtisadi perspektivlər görür”.
H.Babaoğlu qeyd edib ki, Almaniya Avropanın ən böyük iqtisadiyyata malik ölkəsidir və bu imkanları ilə regionda daha çox fəallıq nümayiş etdirməyə çalışır:
"Almaniya İkinci Dünya savaşından sonra götürdüyü bəzi beynəlxalq öhdəliklərə sadiq qalmaq məcburiyyətindədir. Ona görə də Yaxın Şərq və Şimali Afrikada, hətta Şərqi Avropa və Balkanlarda belə baş verən kardinal dəyişikliklər zamanı hadisələrə aktiv hərbi müdaxilə edən ölkələr sırasında görünmür. Bütün bunların əvəzində isə Almaniya bu boşluğu iqtisadi vasitələrlə kompensasiya etməyə çalışır".
Millət vəkili vurğulayıb ki, A.Merkelin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verməsi, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı "Almaniya BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək və aidiyyəti regionlarda insanların vəziyyətinin yaxşılaşması üçün məsələnin həllini tapmağa çalışacaq" ifadəsini işlətməsi Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyət kimi qiymətləndirilməlidir".
Onun sözlərinə görə, ümumiyyətlə, A.Merkelin səfəri ikitərəfli münasibətlərdə yeni mərhələ yaradacaq səfər kimi yadda qaldı və bu, Azərbaycanın maraqlarına uyğundur.

Tehsil-press.az

Oxşar xəbərlər