Nazir müavini: İşəgötürənləri peşə təhsili prosesinə cəlb etməklə xərcləri azaltmaq olar

Nazir müavini: İşəgötürənləri peşə təhsili prosesinə cəlb etməklə xərcləri azaltmaq olar "Bütün peşə təhsili müəssisələrini eyni səviyyəli müasir avadanlıqlarla təchiz etmək çətindir. Belə olduğu təqdirdə işəgötürənləri bu prosesə cəlb etməklə xərclərin azaldılmasına nail olmaq mümkündür". Bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Onun sözlərinə görə, müasir mərhələdə ilk peşə ixtisas təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlığının gücləndirilməsinə çox böyük zərurət var:
"Dünya ölkələrin təcrübəsi göstərir ki, kadr hazırlığı prosesi istehsalatdan təcrid edilmiş formada həyata keçirilə bilməz. Təhsil müəssisəsi sifarişçinin, yəni işəgötürənin tələb və ehtiyacını öyrənmirsə, onda təhsil müəssisəsində hazırlanan kadrların rəqabətqabiliyyətliliyinin səviyyəsi aşağı olur".
F.Qurbanov qeyd edib ki, Azərbaycanda peşə təhsili sahəsi üzrə işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsi nəzərdə tutulur.
O əlavə edib ki, bu il Azərbaycanda ilk dəfə olaraq, “Peşə təhsili haqqında” qanun qəbul edilib:
“Qanunda işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsi nəzərdə tutulur. Bu da özəl sektorun peşə təhsili ilə tərəfdaşlığına daha çox maraq göstərməsinə imkan yaradacaq. Bundan əlavə, peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması baxımından əsas istiqamətlərdən biri kimi işəgötürənlərin peşə təhsili və tədrisi sisteminə inteqrasiyası, onların yüksəkixtisaslı kadrların tədris prosesinə cəlb edilməsi müəyyən edilib”.

Tehsil-press.az

Oxşar xəbərlər